Göyərtəsində Priqojinin də olduğu təyyarə qəzaya uğradı, bütün heyət həlak oldu - YENİLƏNİR / VİDEO

Tver vilayətində baş verən təyyarə qəzası faktı ilə bağlı cinayət işi açılıb.

Rəsmi mənbələr hadisənin terror aktı olduğunu istisna etmir. Bu səbəbdən də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi açılıb.

İstintaq qrupu hadisə yerinə yola düşüb.

*** 22:12

Tver vilayətində mülki təyyarənin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Yenilənmiş məlumata görə, qəza yerində səkkiz nəfərin cəsədi tapılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Tver vilayətində, Kujenkino kəndi yaxınlığında şəxsi “Embraer Legacy” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçarkən qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə üç ekipaj üzvü də daxil olmaqla on nəfər olub, göyərtədə olanların hamısı həlak olub.

*** 21:18

Rusiya mediası xəbər verir ki, Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin sərnişinlər siyahısında Yevgeni Priqojin olub.

Agentliyin məlumatına görə, təyyarədə üç ekipaj üzvü olmaqla 10 nəfər olub.

"İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub", - məlumatda deyilir.

*** 21:04

Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfər ölüb.

Bu barədə Rusiya FHN məlumat yayıb.

Baza teleqram kanalının məlumatına görə, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub.Rosavianın məlumatına görə, Tver vilayətində qəzaya uğrayan Embraer tipli təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

 

***

20.36

Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.

İlkin məlumatlara görə, təyyarədə 7 nəfər olub. Onlardan üçü dünyasını dəyişib.

Daha dörd nəfərin taleyi naməlumdur./apa