Fazil Mustafa əlillik dərəcəsi almaq istəyir? - DEPUTAT DANIŞDI

Sosial şəbəkədə Milli Məclisin deputatı Fazil Mustafanın əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyi barədə xəbər yayılıb. İddia edilir ki, deputat bu haqda "Müsavat TV"nin efirində bildirib. 

Stopnarkotik.az xəbər verir ki, Fazil Mustafa modern.az-a açıqlamasında iddianı təkzib edib.

"Mən əlillik dərəcəsi almaq üçün heç bir yerə müraciət etməmişəm", - o bildirib.

“Hazırda yeni əməliyyatdan çıxmışam. Hesab edirəm ki, hər şey normaldır və qaydasındadır. Ümumiyyətlə, bizim medianın bəzi nümayəndələrinin savadsızlığı ucbatından belə bir məlumat yayıldı ki, əlillik dərəcəsi almaq üçün müraciət etmişəm. Mənim tərəfimdən belə bir müraciət olmayıb. Burada xəsarət dərəcəsinin müəyyən edilməsi hüquqi prosedurdur. Qarşıda olan məhkəmə prosesində hansı dərəcədə xəsarət aldığımı göstərən sənədlərin təsbit olunmasına ehtiyac var. Bununla bağlı müvafiq qurumlar xəsarətin dərəcəsini müəyyən etmək üçün addımlar atırlar. Lakin Azərbaycanda İran xüsusi xidmət orqanlarının nəzarətində olan müxtəlif şəbəkələr dərhal hansısa bir əlillik dərəcəsinin alınması, yaxud əlillik verilmədiyi halda özümüzü öldürəcəyimiz barədə sərsəm fikirləri tirajlamağa başladılar", - deputat vurğulayıb.

F.Mustafa insanları belə məsələlərdə ayıq-sayıq olmağa çağırıb:

"İnsanlar inciyirlər ki, "bizə kütlə deyirlər, sürü deyirlər". Amma acınacaqlı vəziyyət ondan ibarətdir ki, xarici xüsusi xidmət orqanları Azərbaycan ictimai fikrini rahatlıqla yönləndirə bilir. Heç nə olmadan belə bir prosesin getdiyini və bunun bir qəbahət olduğunu göstərməyə çalışırlar. Halbuki burada heç bir qəbahət də yoxdur. Ortada yaralanma, xəsarət var. Əleyhimizə rəy, təhqir yazan insanlar həm də bu vətən üçün böyük zərərverici ünsür kimi görünə bilərlər. Çünki istənilən vaxt onların boş başını bu cür yönləndirmək rahatdır. Hesab edirəm ki, bu kimi məsələlərdə daha ayıq, əqli-səlim olmaq vacibdir. İnsanlar kənardan yönləndirilən fikirlərin aludəçisi olmamalıdırlar. Başqa ölkələrin xüsusi xidmət orqanlarının Azərbaycan mediasında, sosial məkanında tirajladığı fikirlərin davamçısına, dəstəkçisinə çevrilməməlidirlər. Bu, təkcə mənimlə bağlı məsələ deyil. Azərbaycan dövləti ilə bağlı məsələlərdə də bu kimi insanlar yanlışlıqdan öz ölkəsinə qarşı bədnam mövqe  göstərə bilərlər".

Deputat sonda qeyd edib ki, səhhəti yaxşıdır:

"Hazırda səhhətim yaxşıdır. Elə bir problem yoxdur. Hər şey yaxşıya doğru getməkdədir".