Gürcüstan parlamentinin üzvü ölkənin narkotik siyasətini sərtləşdirməyə qərar verməsinin səbəbini izah edib.
"Liberal narkotik siyasəti ciddi yaxşı nəticələr vermədi, ona görə də gündəm bu siyasətin sərtləşdirilməsidir. Narkotik alverçilərinin cəzası 12 ildən 20 ilə qədər sərtləşdiriləcək. Bu ömürlük həbs də ola bilər. Və artıq tutulan narkotikin az ya çox olmasının heç bir əhəmiyyəti olmayacaq", deyə gürcü deputat Paata Salia bildirib.
Stopnarktoik.az bildirir ki, Gürcüstan parlamenti narkotik vasitələrin qanunsuz dövriyyəsini mütəşəkkil cinayətlər siyahısına daxil edən qanunvericiliyə düzəlişlər paketini, həmçinin narkotiklərin satışına görə cəzaların sərtləşdirilməsini və narkomanlara bir sıra məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir.
Nəzərdə tutulan dəyişikliyə görə, 2025-ci il iyunun 1-dən hər hansı şəxsin narkotik vasitələrdən istifadə faktı təsdiqlənərsə və yaxud şəxs narkoloji müayinədən yayınırsa, o üç il müddətinə istənilən növ avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum ediləcək.
Belə şəxslər beş il müddətində dövlət qulluğunda, habelə pedaqoji və təhsil müəssisələrində işləmək hüququndan məhrum ediləcəklər.
Stopnarkotik.az