“Belçika narkotik dövləti halına gəlib”.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda Belçikanın liman şəhəri olan Anvers (Antwerp) məhkəməsinin hakimi bildirib.
Adının açıqlanmasını istəməyən hakim mediaya müraciətində qeyd edib ki, son illərdə Anvers şəhəri Avropa kokain ticarətinin mərkəzinə çevrilib. Onun sözlərinə görə, bu durum ölkədə hüquq sistemini də sarsıdıb.
Hakim deyir ki, narkokartel üzvləri dövlət strukturlarının içinə sızdığından, artıq Belçika bir “narkotik dövləti” vəziyyətinə gəlib.
Anvers məhkəməsi hakiminin “Belçika narkotik dövlətinə çevrilir” açıqlaması ölkədə böyük rezonansa səbəb olub. Ekspertlərə görə, həqiqətən də hər il Anvers limanı üzərindən Avropaya tonlarla kokain paylanır və bu durum ölkənin bütün strukturlarını içəridən çökdürür.
Hakim narkotik baronlarının həbsxanalara tamamilə hökm etdiyini açıqlayıb və bu səbəbdən də çəzaçəkmə müəssisələrində telefon danışıqlarınını tamamilə qadağan olunmasını təklif edib.
“Həbsxanalardan verilən təlimatlar şəhər meydanlarında qanlı toqquşmalara çevrilir. Bu narkotik zəncirini qırmadan, ölkədə heç bir islahatların faydasından danışmaq olmaz”, - deyə hakim vurğulayıb.
Stopnarkotik.az