Bakıda avtoxuliqanlıq edən iki gənc həbs olundu - FOTO

Paytaxt ərazisində ictimai asayişi nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən şəxslər Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Stopnarkotik.az xəbər verir ki, profilaktik tədbirlər zamanı müəyyən edilib ki, 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan təhlükəli şəkildə idarə ediblər. Onlar bu hərəkətləri ilə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaradıb və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunaraq toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən A.Həmidov və R.Mahmudov 20 sutka müddətinə inzibati qaydada həbs olunublar.