Kreml özü Ukraynada bataqlığa batmışkən, dünyada özünə oxşar rejimləri dəstəkləməkdə də çətinlik çəkir. Buna baxmayaraq, Kremlə yaxın dairələr arxasında çox zaman heç bir ciddi əməl durmayan bəyanatlar verməkdən çəkinmirlər.
Rusiya mərkəzi təbliğat kanallarının ən aqressiv və şovinist daimi qonaqlarından biri, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov “Gazeta.Ru”-ya açıqlamasında deyib ki, Rusiya hazırda ABŞ ilə qarşıdurmada olan Venesueladakı rejimə silah tədarük edir. Hətta əlavə edib ki, "Oreşnik" raket sisteminin də Maduro hakimiyyətinə verilməsi istisna olunmur: "Dost bir ölkəyə "Oreşnik" kimi yeni silahların verilməsində heç bir maneə görmürəm".
O, Rusiyanın Venesuelanın əsas hərbi-texniki tərəfdaşı olduğunu və ona "kiçik silahlardan təyyarələrə qədər demək olar ki, bütün silah çeşidini" tədarük etdiyini vurğulayıb.
Parlament üzvü qeyd edib ki, tədarükün həcmi və dəqiq növləri haqqında məlumatlar məxfi saxlanılır, buna görə də "amerikalılar bəzi sürprizlərlə üzləşə bilərlər". O, əlavə edib ki, Rusiyanın “Su-30MK2” qırıcıları Venesuela Hərbi Hava Qüvvələrinin əsasını təşkil edir və ölkəni "bölgənin ən güclü aviasiya güclərindən birinə" çevirir.
Juravlyov həmçinin öz neft emalı zavodlarını belə qorumaq üçün HHM sistemləri tapa bilməyən Rusiyanın Venesuelaya guya “S-300VM” və bu yaxınlarda İl-76 təyyarəsi ilə "Pantsir-S1" və "Buk-M2E" sistemləri göndərdiyini iddia edib. O, beynəlxalq öhdəliklərin Moskvanın “Kalibr” sistemləri də daxil olmaqla müasir silahların Venesuelaya tədarükünü məhdudlaşdırmadığını vurğulayıb.
Bundan öncə "The Washington Post" qəzeti rəsmi Karakasın Moskvadan 14 zenit-raket sistemi, “Su-30MK2” qırıcı təyyarələrinin təmiri və yenilənməsi, səkkiz mühərrikin əsaslı təmiri, beş radarın təmiri və lojistik dəstək tələb etdiyini bildirmişdi. Nəşrin mənbələri həmçinin Venesuelanın müşahidə avadanlığı, GPS və uzun mənzilli dronların təchizatı da daxil olmaqla genişləndirilmiş hərbi əməkdaşlıq üçün Çin və İrana müraciət etdiyini iddia etmişdi.
Qeyd edək ki, ABŞ-nin bölgədəki hərbi fəaliyyəti avqust ayında Donald Tramp administrasiyası narkotik kartellərinə qarşı əməliyyatlar üçün Cənubi Karib dənizinə böyük bir qüvvə göndərməklə daha da gücləndi. Bu qüvvə hazırda 16.000 əsgərdən ibarətdir və səkkiz gəmi, bir nüvə sualtı qayığı, B-52 strateji bombardmançısı və F-35 qırıcı təyyarələrini əhatə edir.
Bundan əlavə, bölgəyə təyyarədaşıyan "Gerald R. Ford" və beş müşayiət gəmisi yerləşdirilib. Sentyabrın əvvəlindən bəri ABŞ Hərbi Dəniz Qüvvələri, Tramp administrasiyasının məlumatına görə, narkotik qaçaqmalçılığı ilə məşğul olan 16 gəmiyə zərbə endirib.
Bu arada, Vaşinqton Nikolas Maduroya təzyiq göstərməyə davam edir. Sentyabrın əvvəlində ABŞ Müdafiə naziri Pit Heqset Venesuela hökumətini devirmək məqsədini etiraf edərək, bütün ABŞ hərbi resurslarının buna nail olmaq üçün səfərbər edilə biləcəyini qeyd etdi. ABŞ Maduronu narkotik kartelləri ilə əlaqədə ittiham edir və onun tutulmasına səbəb olan məlumata görə 50 milyon dollar mükafat təklif edir.
“The New York Times” qəzeti xəbər verir ki, Trampın müşavirləri Maduronu güc yolu ilə necə devirmək barədə müzakirələri intensivləşdiriblər və Dövlət Departamentinin katibi Marko Rubio bu kampaniyaya nəzarət edir. 6 oktyabrda Donald Tramp Karakasla diplomatik əlaqələrin dayandırılmasını əmr edib. “CBS News”-a açıqalmasında isə Tramp Maduro hakimiyyətinin sayılı günlərinin qaldığını iddia edib./azpolitika.info