Zəhərli çətənəni yeyən 20 inək ölüb

Rusiyanın Zabaykalye bölgəsinin Kokuy kəndində 20 inək çətənə bitkisini yeyəndən sonra zəhərlənərək ölüb.

Buna səbəb o olub ki, məktəblilərin bu bitkidən istifadə etdiyini görən yerli rəhbərlik çətənə bitkilərinin üzərinə zəhərli dərman vurub.
Əvvəllər burada gəmi zavodu fəaliyyət göstərirmiş və texniki çətənə həmin zavod üçün yetişdirilirmiş. Zavodda gəmilər üçün texniki çətənədən kəndir, kisələr və yağ hazırlanırmış.  Zavod bağlandıqdan sonra isə çətənə ətraf ərazilərdə öz-özünə yayılıb.
Hakimiyyət çətənə bitkilərini məhv etmək üçün onların üzərinə zəhərli dərman vurub. Ancaq sonra fermerlərin inəkləri həmin zəhərli çətənəni yeyərək zəhərlənib. "Mash" teleqram kanalının məlumatına görə, ilk dərmanlamadan sonra 20-dən çox inək ölüb.
Baytarlar bildiriblər ki, ölmüş inəklərin mədəsində ciddi pozuntular aşkar edilib. Onların əvvəllər heç bir sağlamlıq problemi olmayıb.
Bir inəyin qiyməti təxminən 100 min rubldur. Kəndin rəhbəri Vyaçeslav Bıkov deyib ki, ərazidə bitən çətənə vaxtında məhv edilməsə, yerli rəhbərlik cərimələnir. Əgər narkotiklə saxlanılan şəxs çətənəni haradan götürdüyünü göstərərsə, həmin əraziyə cavabdeh olan məmurlar da cərimə olunur və problemlə üzləşirlər.

Mələk

Stopnarkotik.az