İran ətrafında beynəlxalq siyasi ritorika kəskin şəkildə sərtləşir, Vaşinqtonla Tehran arasında açıq söz müharibəsi yeni mərhələyə keçir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ilə əlaqəli rəsmi @HouseForeignAffairs hesabında İran xalqına ünvanlanan son müraciət regionda ciddi rezonans doğurub.
Paylaşımda İranın ali dini lideri Ayətullah Əli Xameneyi birbaşa hədəf alınır. ABŞ tərəfi Xameneyini ölkəni ağır iqtisadi və sosial böhranlara sürükləməkdə ittiham edir, İran rialının dünyanın ən zəif valyutalarından birinə çevrildiyi və dövlət resurslarının israf edildiyi vurğulanır. Müraciətdə əsas mesaj isə açıq və sərtdir: İranda rejim dəyişikliyi “qaçılmaz” kimi təqdim olunur.
ABŞ Konqresinə bağlı hesabda yayımlanan müraciətdə deyilir ki, mövcud hakimiyyət İran xalqını məhvə aparıb və yaranmış vəziyyətdən çıxış yolu yalnız siyasi dəyişikliklərdən keçir.
Tehran sərt cavab verdi
Qeyd edək ki, Vaşinqtondan gələn bu çağırışlara rəsmi Tehranın reaksiyası gecikməyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani çıxış edərək ABŞ-ın keçmiş prezidenti Donald Trampı və İsrailin baş naziri Benyamin Netanyahunu birbaşa ittiham edib.
Laricani bildirib ki, İran xalqına qarşı törədilən qətllərin əsas məsuliyyətini məhz bu iki lider daşıyır:
“Biz İran xalqının əsas qatillərinin adlarını açıq şəkildə elan edirik: 1 – Tramp, 2 – Netanyahu.”/musavat.com