Ucar Rayon Məhkəməsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş oğurluq və oğurluğa cəhd faktları ilə bağlı cinayət işi üzrə hökm elan edilib.
Stopnarkotik.az "qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq kənd evlərindən pul oğurlamaq məqsədilə plan hazırlayıblar.
İttihama əsasən, onlar 2025-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində tək yaşayan bir sakinin evindən pul oğurlamağa cəhd ediblər. Təqsirləndirilən şəxslərdən biri avtomobillə digərini hadisə yerinə apararaq evi göstərib. Digər şəxs hasardan keçərək həyətə daxil olub, yaşayış evinin qapısının qıfılını sındıraraq içəri girsə də, axtardığı 300 manatı tapa bilməyib. Bu zaman küçədən avtomobil səsi eşitdiyinə görə ev sahibinin qayıtdığını güman edib və hadisə yerini tərk edib. Beləliklə, oğurluq onların iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayıb.
Daha sonra həmin şəxslər başqa bir kənddə yerləşən fərdi yaşayış evinə də daxil olublar. Rolların bölgüsünə əsasən, təqsirləndirilən şəxslərdən biri küçədə nəzarətçi kimi dayanıb, digər ikisi isə hasardan keçərək həyətə daxil olublar. Onlardan biri evin qapısının qıfılını sındıraraq yataq otağına daxil olub və döşəyin altında saxlanılan 4 min manatı götürüb. Əldə olunan pul əvvəlcədən razılaşdırıldığı qaydada öz aralarında bölüşdürülüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən biri Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq), 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq), 29, 177.2.1-ci, 29, 177.2.2-ci (təkrar oğurluğa cəhd) və 29, 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluğa cəhd) maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxs də həmin maddələrlə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Üçüncü təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) və 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) maddələri ilə təqsirli bilinərək cəzaların məcmusu üzrə qəti olaraq 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.