Ötən gün saxlanılan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu barəsində həbs qəti imkan tədbiri seçilmək üçün Nərimanov Rayon Məhkəməsinə gətirilib.
Vəkili Zibeydə Sadıqovanın sözlərinə görə, prosesdə istintaq orqanının təqdimatına baxılıb və Q.İbadoğlu barəsində məhkəmə qərarı elan olunub.
Məhkəmənin qərarı ilə onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, "Turan"-ın məlumatına görə, istintaq Qubad İbadoğluna qarşı ittihamı ağırlaşdırıb.
Belə ki, Qubad İbadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədilə istehsal, habelə saxta pul və ya xarici valyutanın alınması və ya satılması) maddəsilə irəli sürülmüş ittihamı 204.3.1-ci maddəyə (eyni hərəkətlər mütəşəkkil qrup tərəfindən törədildikdə) tövsif edərək ağırlaşdırıb.
Bu barədə vəkili Zibeyd Sadıqova bildirib.
Əgər 204.1–ci maddə üzrə İbadoğlunu 5 ildən 7 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyirdisə, 204.3.1-ci maddə üzrə 8 ildən 12 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
*** 15:37
Qubad İbadoğlu hansısa Anar Əliyevin şikayəti əsasında saxlanılıb. Əliyev siyasətçinin "ona dollar verdiyini" bildirib. Bu barədə jurnalistlərə vəkil Zibeydə Sadıqova məlumat verib.
O, İbadoğlunun Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) şübhəli şəxs qismində cəlb olunduğunu təsdiqləyib.
İbadoğlu bu iddiaları rədd edir.
"O, deyib ki, Anar Əliyev kimi adamı, ümumiyyətlə, tanımır ", - vəkil qeyd edib.
Vəkil dəqiqləşdirib ki, axtarış İbadoğlunun ofisində və yaşamadığı mənzildə aparılıb. Mənzildə 40 min dollar pul tapılıb. Lakin İbadoğlu pulun ona aid olmadığını bildirib, axtarışın aparıldığı mənzil isə sadəcə, onun adına rəsmiləşdirilib.
"Qubad İbadoğlu uzun müddətdir Azərbaycanda yaşamır. O, ölkəyə yeni gəlib. Bu pulların Qubad İbadoğluya aidiyyatı yoxdur. Biz etiraz etdik və iradlarımızı protokolda yazdıq", - vəkil deyib. (Turan)
O qeyd edib ki, hazırda İbadoğlu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır.
***
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir", - məlumatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda FETÖ terror qruplaşmasına qarşı əməliyyat keçirilib, dörd nəfər həbs edilib.
Məlumata görə, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıblar.
FETÖ üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.
"Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov və Anar Əliyevin FETÖ-nün Azərbaycandakı təhsil və təlim mərkəzlərində uzun müddətdir təşkilatın təbliğatı apardıqları və gənclərin təşkilata üzv olması istiqamətində addımlar atdıqları müəyyən edilib.
FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib" - deyə, məlumatda qeyd olunub.
Q.İbadoğlunun da FETÖ əməliyyatında həbs olunan Anar Əliyevin ifadəsi əsasında saxlanıldığı bildirilir.
Bu barədə Qubad İbadoğlunun yaxınları məlumat verib.
Dünən gecə internet televiziyalarından birinə açıqlama verən Qubad İbadoğlunun qızı Jalə Bayramova atasının saxlanılması ilə bağlı aşıağıdakıları qeyd edib: "Ofisin içindən guya 40 min dollar pul çıxarıblar, pulun saxta və ya gerçək olduğu bilinmir. Təbii ki, onu özləri yerləşdiriblər".
Jalə Bayramova daha sonra atasının xəstə olduğunu, dərmanları ona çatdıra bilmədiklərini qeyd edib: "Atam xəstədir, dərmanlarını soruşur və dərmanlarına ehtiyacı var. Saat 1-2-dən bəri saxlanılıb, dərmanlarını ata bilməyib. Biz ondan çox narahatıq".
Jalə Bayramova həmçinin bildirib ki, Qubad İbadoğlu xəbərdə adı çəkilən Anar Əliyevə saxta dollar satmaqda ittiham olunur.
"Turan"-a açıqlamasında isə Jalə Bayramova bildirib ki, Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb