“Tarix boyu minlərlə azərbaycanlı Ermənistan ərazisindən qovulub”.
Buu Türkiyə Böyük Millər Məclisinin üzvü, AK Parti sədrinin müavini Zafer Sarıkaya Bakıda keçirilən "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Ermənilər mədəni abidələri, mədəni-tarixi irsi, ibadət yerlərini dağıdıblar. Bütün bunlar elə bir səviyyədə olub ki, müasir Ermənistanda azərbaycanlıların mövcud olmasından danışa bilmirik", - o əlavə edib.
Zafer Sarıkaya beynəlxalq ictimaiyyəti birgə işləməyə çağırıb: "Azərbaycanlıların dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması təmin edilməlidir".
O qeyd edib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə çağırış edərək onların bölgəni tərk etməsini istəmədiyini bildirib.
"Yəni onları bərabərhüquqlu vətəndaşlıqla təmin etməyə Azərbaycan hazırdır. Amma biz gördük ki, iki həftə ərzində oradakı əhali Ermənistan ərazisinə köç etdi və nəticədə, qərəzli və birtərəfli olaraq Ermənistanda olan müəyyən qruplar, erməni diasporu və bəzi Qərb ölkələri bölgədəki faktiki vəziyyətə uyğun olmayan hərəkətlər etdilər", - o deyib.
Zafer Sarıkaya həmin o ölkələrin bu gün insan hüquqlarının təmin edilməsindən danışdıqlarını təəssüflə əlavə edib./apa