Qonşusunu güllələyən şəxslə bağlı qərar açıqlandı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xalid Abdullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 20 iyun 2024-cü ildə, gecə saat 00:10-da Kürdəmir rayonunun Carlı kəndində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Xalid Abdullayev şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1986-cı il təvəllüdlü Rüstəm Məmmədovun yaşadığı evə gələrək ona odlu silahdan atəş açıb.

Məlumata görə, Xalid həmin kənddə yaşayan tanışı Rüstəm ilə telefonla danışarkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun yaşadığı evin həyətyanı sahəsində özü ilə gətirdiyi ov tüfəngindən iki dəfə atəş açaraq ona xəsarətlər yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əziyyət çəkib barama saxlayıblar, axırda da Rüstəm çörəklərini kəsib və vuraraq dişlərini töküb.

Təqsirləndirilən şəxs bildirib ki, Rüstəmi vurduğu ov tüfəngi çoxdan onda olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Abdullayev 4 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökmü dəyişdirilmədən saxlanılıb, məhkumun apellyasiya şikayəti təmin olunmayıb. Qərardan narazı qalan Xalid Abdullayev kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.