"Məqsəd uşaqların sosial şəbəkələrə girişini qadağan etmək deyil..." - NAZİR MÜAVİNİ

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hazırlanacaq mexanizmlərin məqsədi onların sosial şəbəkələrə girişini qadağan etmək deyil.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində əsas məsələlərdən biri uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsidir. Nazir müavini bildirib ki, bu yanaşmanın sosial şəbəkələrə girişin qadağan olunması kimi təqdim edilməsi düzgün deyil.

R.Həsənov qeyd edib ki, nəzərdə tutulan mexanizmlər uşaqların rəqəmsal mühitdə qorunmasına xidmət edir. Bu çərçivədə müəyyən yaş qrupları üçün məhdudiyyətlər və valideyn nəzarəti mexanizmlərinin tətbiqi nəzərdən keçirilir.

O əlavə edib ki, bu sahədə beynəlxalq təcrübə də öyrənilir. Onun sözlərinə görə,Fransa, İspaniya və digər ölkələrdə də oxşar yanaşmalar tətbiq edilir və ya müzakirə olunur.