Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Namizəd Səfərovun vəkilləri məhkəməyə vəsatət verərək cinayət işinə xitam verilməsini, bu olmadığı halda onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini və müdafiəçilərinin yanında əyləşdirilməsini xahiş ediblər.
Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətləri təmin etməyib.
Qərara əsasən, cinayət işi məhkəmə baxışına verilib, baxış iclası iyulun 2-nə təyin edilib.
Təqsirləndirilən şəxsin müdafiəçilərinin yanında əyləşməsi ilə bağlı vəsatət baxılmadan saxlanılıb. Digər vəsatətlər təmin olunmayıb.
Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.