Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir

Yaponiyada tanınmış kabuki teatrı aktyoru Tokioda bir qızı vuraraq hadisə yerindən qaçıb.

Bu barədə "Japan Today" məlumat yayıb.

Bildirilib ki, qadını vuran şəxs "Kosaburo Nakamura" təxəllüsü ilə tanınan 77 yaşlı Hirofumi Kato olub. Yaşlı kişi avtomobili ilə Şincuku rayonunda hərəkətdə olarkən qarşısında gedən 20 yaşlı qıza çırpılıb.

Zərərçəkən ayağından xəsarət alıb. O, Katonu səsləyib, lakin sürücü ona əhəmiyyət verməyərək hadisə yerindən uzaqlaşıb. Qız aktyorun maşınının nömrəsini çəkərək polisə müraciət edib. Kato könüllü şəkildə polisə gələrək bildirib:

"Bəli, ona dəymişəm, lakin zərbənin onu xəsarət alacaq qədər güclü olduğunu düşünmürəm".

Daha sonra Kato qızın guya "özünü avtomobilin önünə atdığını" söyləyib. Bununla belə, aktyor xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi yerini tərk etməkdə ittiham olunur; bu cinayətə görə 10 ilədək azadlıqdan məhrumetmə və bir milyon yenədək cərimə nəzərdə tutulur.