Hacıqabulda fərdi yaşayış evdən oğurluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edən rayon sakini, əvvəllər məhkum olunmuş Vəli Zayidov saxlanılıb.
İlkin dindirilmə zamanı V.Zayidov cinayət əməlini etiraf edərək qeyd edilən oğurluq faktını tanışı İbrahim Şirinov ilə birlikdə törətdiyini bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, qabaqcadan əlbir olan tanışlar zərərçəkənə məxsus ünvana qanunsuz daxil olaraq oradan dəmir borular və digər tikinti materialları, avtomobil ehtiyat hissələri və 3 ədəd su matoru oğurlamaqla zərərçəkmişə 4600 manat maddi ziyan vurublar.
Oğurluq hadisəsində iştirak edən İ.Şirinov da müəyyən edilərək istintaqa cəlb olunub. Qanunsuz yolla əldə olunan "qənimətlərin" bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.