Gürcüstanda beynəlxalq narkotik ticarətinin daha bir faktı aşkarlanıb.
Stopnarkotik.az Gürcüstanın Qafqazturk.com saytına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları növbəti dəfə külli miqdarda narkotik aşkar ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları 250 kiloqram heroin müsadirə edib. Narkotik vasitənin “qara bazar”dakı dəyəri təxminən 80 milyon lari məbləğində qiymətləndirilir.

Aparılan əməliyyat nəticəsində, əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş iki Gürcüstan vətəndaşı saxlanılıb. Onlar böyük miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda, Gürcüstana qanunsuz yolla gətirməkdə və ölkədən çıxarmağa cəhddə ittiham olunurlar.
Qanunvericiliyə əsasən, bu cür cinayət əməllərinə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qeyd edək ki, narkotik vasitələrin Gürcüstana hansı ölkədən daxil olduğu araşdırılır, tezliklə oxucularımıza əlavə məlumat verməyə çalışacağıq.
Stopnarkotik.az