Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Bakıda Almaniya və Rusiya təmsilçilərinin gizli görüşü ilə bağlı bir neçə sual aktualdır.

Stopnarkotik.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birinci sual: Almaniya və Rusiya tərəfi Bakıdakı görüş barədə Azərbaycana niyə əvvəlcədən məlumat verməyiblər? Nədən ehtiyat ediblər? Tərəflər bilməliydilər ki, görüş barədə məlumat gizli qalmayacaq və nə vaxtsa mətbuata sızacaq və bu halda Azərbaycan tərəfinin məlumatsız olması ev yiyəsinə hörmətsizlik kimi qəbul ediləcək. Görüş barədə əvvəlcədən rəsmi Bakı xəbərdar edilsəydi, bunun müzakirələrə mənfi təsiri olmayacaqdı, əksinə, Azərbaycan Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır və bunu Prezident İlham Əliyev bir neçə dəfə vurğulayıb. Bakıda Türkiyə və İsrail təmsilçiləri də vaxtilə qapalı görüş keçiriblər və bundan Azərbaycan tərəfinin məlumatı olub.

İkinci sual: Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsə razı deyilsə, tərəflər Bakıda hansı mövzunu və ya mövzuları müzakirə ediblər?

Üçüncü sual: Almaniya tərəfdən görüşdə niyə hazırki kanslerin təmsilçiləri deyil, keçmiş kanslerin təmsilçiləri iştirak edib? Məlumdur ki, Vladimir Putinin ən yaxın xarici dostlarından biri Almaniyanın keçmiş kansleri Herhard Şröderdir. O, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Putin dostunu Rusiyanın nəhəng “Qazprom” şirkətinin Direktorlar Şurasına təyin edib. Şröder bu vəzifədə kansler vəzifəsindən daha çox maaş alır. Putin son açıqlamalarının birində Rusiya-Ukrayna müharibəsiylə bağlı danışıqlarda Avropanı məhz Şröderin təmsil etməsi istəyini bildirib. Brüssel və Berlin bu təklifi rədd ediblər. Onlar Putinin dostuna, o cümlədən “Qazprom”dan maaş alan birisini Avropa təmsilçisi təyin edə bilməzlər. Bunun əvəzinə Putinin təmsilçiləri ilə görüşə Şröderdən sonrakı kansler Angella Merkelin təmsilçilərini göndəriblər. Böyük ehtimalla bunu da Putin istəyib. Çünki Merkel Putinlə dialoqun tərəfdarı kimi çıxış edir”, - o bildirib.