Daha bir deputatın prezidentliyə namizədliyi irəli sürüldü

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul olunub.

Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 5-ə çatıb.

Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O sənədlərini dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.

Onlardan ikisi - İlham Əliyev və Zahid Orucun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.