Latviyanın mədəniyyət naziri Nauris Puntulis ölkənin dövlət kütləvi informasiya vasitələrində rusdilli məzmunun tamamilə "yox olmalı" olduğunu bildirib.
Bu barədə məlumat Latviyanın LSM dövlət teleradio portalında yer alıb.
Nazir müstəqil avropayönümlü milli dövlətdə rus dilində kontentin mövcudluğu üçün heç bir əsas olmadığını vurğulayıb.
"Bu məzmun hələ də mövcuddur, lakin bizim müstəqil Avropa dövlətində rus dilində kontentin saxlanılması üçün heç bir əsasımız yoxdur. Xüsusilə də indiki hərbi vəziyyət dövründə. Rusdilli məzmunun azalması nə deməkdir? O, tamamilə yox olmalıdır, vəssalam", - deyə nazir qeyd edib.
Bundan əvvəl Nauris Puntulis mədəniyyət nazirliyinə tabe olan qurumların ictimai məkanda rus dilindən istifadəsinə son qoyulması barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin instansiya və müəssisələr öz funksiyalarını yerinə yetirərkən dövlət dili tələblərinə ciddi şəkildə riayət etməli və rus dilindən istifadəyə yol verməməlidir. Bu qadağa hər növ beynəlxalq tədbirlərə, reklamlara və rəsmi internet saytlarına şamil edilir. Nazirin bu tələbinin iyulun 30-na qədər yerinə yetirilməsi tapşırılıb./musavat.com