“Bıçağı vuranda o, "ürəyimə girdi, burax" dedi...” – Tanışını öldürən şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə və qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Elçin İsmayılovun cinayət işinin bəzi detalları məlum olub.

Hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama əsasən, Elçin İsmayılovla əvvəllər tanış olduğu zərərçəkmiş İlkin Məmmədov arasında münasibətlər bir müddət əvvəl telefon danışığı zamanı yaranmış mübahisədən sonra gərginləşib.

Belə ki, 2025-ci il iyul ayının əvvəllərində tərəflər arasında baş tutan telefon danışığı zamanı aralarında mübahisə yaranıb. Sonradan məsələni üzbəüz görüşərək aydınlaşdırmaq məqsədilə İlkin Məmmədov onu Daşkəsən rayonunun Xoşbulaq kəndinə dəvət edib.

Təqsirləndirilən şəxs iyulun 4-də saat 21 radələrində Xoşbulaq kəndində yerləşən və İlkin Məmmədovun tanışının atasına məxsus fərdi yaşayış evinə gəlib. Tərəflər evin qonaq otağında masa arxasında əyləşərək aralarında yaranmış narazılıqları müzakirə etməyə başlayıblar. Söhbət zamanı zərərçəkmiş Elçinin bacısının ünvanına nalayiq ifadələr işlədib. Təqsirləndirilən şəxs bunu özünə qarşı təhqir kimi qəbul edərək hiddətlənib və qəflətən ayağa qalxaraq İlkinin üzərinə gedib. Tərəflər arasında əlbəyaxa dava baş verib. Qarşıdurma zamanı Elçin İlkinə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən sağ və sol bazunun qançırları, sağ və sol saidin, eləcə də sol diz nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirib.

Bundan sonra təqsirləndirilən şəxsin qərəzli şəxsi münasibətlər zəminində İlkin Məmmədovdan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib. O, üzərində gəzdirdiyi ov bıçağını çıxararaq zərərçəkmişə bir neçə zərbə endirib.

Nəticədə İlkin Məmmədova sağ bazunun səthi yarası, sol bud nahiyəsində bud arteriyası və venalarının zədələnməsi ilə müşayiət olunan ağır bədən xəsarəti, həmçinin qarın boşluğuna keçən, qaraciyərin, qaraciyər arteriyası və venalarının zədələnməsi ilə nəticələnən daha bir ağır xəsarət yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kateqoriyasına aid edilib.

İttihama görə, təqsirləndirilən şəxs hadisədən sonra Elçinə kömək göstərməyib, aldığı xəsarətlərdən ölə biləcəyini ehtimal etməsinə baxmayaraq hadisə yerindən qaçaraq uzaqlaşıb. İlkin Məmmədov isə aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, həmin gün saat 23 radələrində yerləşdirildiyi Gəncə şəhərindəki xəstəxanada vəfat edib.

İstintaq orqanı təqsirləndirilən şəxsi qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silahdan istifadə etməklə qisas niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilib.

Məhkəmə istintaqı zamanı ifadə verən Elçin İsmayılov ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.5-ci (soyuq silahı qanunsuz gəzdirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İlkin Məmmədov onu Xoşbulaq kəndinə söhbət etmək üçün çağırıb. Hadisə günü onlar bir neçə nəfərlə birlikdə görüş yerinə gəliblər. O bildirib ki, İlkin əvvəllər axtarışda olub və həmin dövrdə hüquq-mühafizə orqanlarına məlumat verən şəxsin o olduğunu düşünərək ondan şübhələnib.

Elçin ifadəsində qeyd edib ki, görüş zamanı İlkin Məmmədov ona qarşı ağır ifadələr işlədib və söyüş söyüb. O, mübahisə zamanı üzərində olan bıçaqla İlkin Məmmədovu vurduğunu etiraf edib. Hadisə baş verən otağın qaranlıq olduğunu bildirən təqsirləndirilən şəxs neçə dəfə bıçaq zərbəsi endirdiyini xatırlamadığını deyib.

Onun sözlərinə görə, zərbələrdən sonra İlkin Məmmədov ona "ürəyimə girdi, burax" deyə müraciət edib və bundan sonra dayanıb. Sonradan İlkinin dostları onu xəstəxanaya aparıblar. Daha sonra ona zərərçəkmişin xəstəxanaya çatdırıldıqdan təxminən 10 dəqiqə sonra vəfat etdiyi barədə məlumat verilib.

Elçin əlavə ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışdığını da bildirib. O qeyd edib ki, İlkin Məmmədov ona qarşı ağır sözlər işlətdiyi üçün əsəbiləşərək bıçaqdan istifadə edib. Həmçinin iddia edib ki, mübahisə zamanı İlkin Məmmədov əlini belinə aparanda onun da bıçaq çıxaracağını düşünüb və buna görə özünü müdafiə etmək məqsədilə ilk olaraq bıçağa əl atıb.

Təqsirləndirilən şəxs uzun məsafələrə səfər etdiyi zaman bıçağı üzərində gəzdirdiyini, İlkin Məmmədovla əvvəllər ailəvi dostluq münasibətlərinin olduğunu və aralarında yaranmış narazılığın müəyyən söz-söhbətlərdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, hadisədən əvvəl tərəflər arasında bəzi məsələlər artıq aydınlaşdırılmışdı, lakin görüş zamanı yaranan mübahisə sonda ağır cinayət hadisəsi ilə nəticələnib.

Məhkəmənin hökmü Elçin İsmayılov cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib./pravda.azz