Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Əli Eybatov, Fərrux Qasımov və xuliqanlıqda ittiham olunan Emin Ələsgərovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassassiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassassiya protesti və kassasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2024-cü ilin martın 9-da saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. İstintaq zamanı qətlin törədilməsində iştirakçı kimi şübhəli bilinən daha iki nəfər Emin Ələsgərov (xuliqanlıq) və Fərrux Qasımov (qətl) da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Ələsgərov 2 il, Fərrux Qasımov 16 il 6 ay müddətinə, Əli Heybətov isə 18 il müddətimə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Əli Heybətovun cəzası 15 ilə endirilib. Fərrux Qasımovun Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib, həmin Məcəllənin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə əsasən Fərrux Qasımovun cəzası 6 ay azaldılaraq ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Emin Ələsgərov Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə əsasən onun cəzası 6 ay azaldılaraq 2 il 4 ay cəza təyin olunub.
Qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi kassasiya şikayəti verib.
Qeyd: Emin Ələsgərov “Silk Way” MMC-də yanğından mühafizə sistemləri üzrə sahə rəisi işləyib, Fərrux Qasımov isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fiziki tərbiyə müəllimi vəzifəsində çalışıb.