Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək andiçmə mərasimlərinin məhz Ulu Öndərin anadan olduğu gündə keçirilməsinin Ümummilli Liderimizə dərin hörmət və ehtiramın təzahürü olduğunu və gənc əsgərlərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Andiçmə mərasimlərində müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən bəhs edilib. Bu gün 100 illik yubileyi qeyd edilən Ümummilli Liderimizin Azərbaycanın inkişafı naminə gördüyü işlər barədə ətraflı danışılıb. Dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu istiqamətində aparılan islahatlar barədə məlumat verilib.
Çıxış edənlər gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.
Mərasimlərin sonunda şəxsi heyətin təntənəli marşla keçidi olub.