ABŞ-ın hava zərbələri nəticəsində Venesuelanın müdafiə naziri Padrine Lopesin ölməsi barədə məlumatlar yayılıb.
Bu barədə RİA Novosti yerli mediaya istinadən xəbər yayıb.
Müdafiə nazirinin iqamətgahına zərbələr endirilməsi barədə bundan əvvəl məlumatlar yayılmışdı. Padrine Lopesin ölməsi xəbəri hələlik rəsmi təsdiqlənməyib.
Zərbələrdən sonra Venesuela Prezidenti Nikolas Maduronun harada olduğu da hələlik bilinmir.
Paytaxt sakinləri isə Karakası kütləvi tərk edir. Paytaxtın çıxışında uzun tıxac müşahidə olunur.

***
Venesuelanın paytaxtı Karakasda bombardman dayandırılıb, lakin ABŞ təyyarələri həmin ərazidə uçuşlarını davam etdirir.
Bu barədə “NYT” məlumat yayıb.
****
ABŞ Venesuela parlamentinin binasına zərbə endirib.
Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat yayıb.
Bundan əvvəl amerikalı rəsmilər “Fox News” telekanalına ABŞ-ın ölkəyə zərbələr endirdiyini təsdiqləyiblər.
***
ABŞ Venesuelanın keçmiş lideri Uqo Çavesin məqbərəsini vurub.
Bu barədə yerli media məlumat yayıb.
Keçmiş hərbi muzey Çavesin ölümündən sonra məqbərəyə çevrilib, sabiq liderin qalıqları orada saxlanılır.
“Fox News”un məlumatına görə, ABŞ Venesuela hava məkanı üzərindən kommersiya uçuşlarını qadağan edib.
***
ABŞ Prezidenti Donald Tramp Venesuela daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirilməsini əmr edib.
Bu barədə CBS News məlumat yayıb.
Bildirilir ki, Donald Tramp bir neçə gün əvvəl ABŞ ordusuna Venesuelaya zərbələr endirmək tapşırığı verib. Hücumun Milad bayramı günü başlanması planlaşdırılsa da, əlverişsiz hava şəraiti ilə bağlı təxirə salındığı deyilir.
***
ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib.
Bu barədə xarici KİV məlumat yayıb.
Prezident Nikolas Maduronun ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzaladığı bildirilir.
Məlumata görə, ABŞ raketlərindən biri Karakasdakı sursat anbarına düşüb.
Bir qədər əvvəl prezident Nikolas Maduro Çinin xüsusi nümayəndəsi ilə görüşüb. Prezident sarayına gedən yollar bağlanıb.
Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT-nin və Amerika Dövlətləri Təşkilatının təcili iclaslarının çağırılmasını istəyib.
Vaşinqton xüsusi əməliyyat barədə hələlik rəsmi açıqlama verməyib. ABŞ Ordusunun nümayəndəsi də ABŞ-ın hücumunu şərh etməyib.
***
Venesuelada atəş səsləri eşidilməkdə davam edir.
Yerli mənbələr ABŞ Hərbi Hava Qüvvələrinin paytaxt Karakas və digər ərazilərdəki hərbi bazalara daha bir neçə zərbə endirdiyini bildirirlər. ABŞ-ın Karakasa desant qüvvələri endirməsi barədə məlumatlar yayılıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə də zərbə endirib.
Karakas mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Venesuela üzərində hava məkanı tamamilə bağlanıb.
***
Venesuelada partlayışlar qeydə alınıb.
Xarici KİV-lər xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib.
Bəzi yerli mənbələr partlayışların hava hücumu nəticəsində baş verdiyini iddia edir. İlkin məlumatlara görə, ABŞ Hərbi Hava Qüvvələri Venesuela hərbi obyektlərinə hücum edib, Karakasdakı hava bazalarına zərbələr endirilib. Karakas üzərində təxminən on ABŞ helikopteri müşahidə edilib. Görüntülərdə hücum təyyarəsi də qeydə alınıb.
Məlumatlara görə, ölkənin şimalındakı Vargas ştatında Hərbi Dəniz Akademiyasının yerləşdiyi dəniz bazasına da ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələri qırıcı təyyarələri havaya qaldırıb./apa