9 NƏFƏRİN ÖLDÜYÜ SEXİN SAHİBLƏRİ MƏLUM OLDU - "Tağı İbrahimov yerində bina tikəcəkdi..." - YENİLƏNİB

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli açıqlama verib. 

Stopnarkotik.az bildirir ki, Hacı İbrahim "qaynarinfo"ya açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib: 

"Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazıq Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi".

Hacı İbrahim hadisənin baş verməsinin səbəbini də açıqlayıb: 

"Hadisə qaz balonunun partlaması və boyaların üzərinə qığılcımın düşməsi nəticəsində baş verib. Birinci icarəyə verdiyimiz sexdə tüstülənmə başlayıb, alov maşının üzərinə düşüb. Daha sonra maşını itələyərək çölə çıxarsalar da, sonda hadisə baş verib. Bütün sexlərə cavabdeh şəxs Həmid idi. Biz qanun nəyi tələb edirsə, onu da etmişdik. Fövqəladə Hallar Nazirliyindən də sözügedən sexlərin fəaliyyəti üçün sənədlər alınıb. Hadisə zamanı Həmid də dünyasını dəyişib. Ordakı işlərə cavabdeh də Həmid idi. Bizlik bir şey yoxdur". 

***10:49

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.

Stopnarkotik.az xəbər verir ki, "qaynarinfo"nun əldə etdiyi məlumata görə, sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşərir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. 

Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. 

Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.