Yük maşınının arxasına fara quraşdıran sürücü barəsində araşdırma başladı - VİDEO

Bakı-Qazax yolunda yük maşını qəza vəziyyətinin yaranmasına səbəb olub. Belə ki, hərəkətdə olan ağırtonnajlı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin arxasına iki fara quraşdırıb. Bu isə digər nəqliyyat vasitələrini çaşdıraraq ani manevr etmələrinə səbəb olub. 

Faktla bağlı sosial şəbəkələrdə paylaşım edilib. Xanım sürücülərdən biri bu səbəbdən qorxduğunu və qəzadan son anda yayındığını qeyd edib:

“Qazax-Gəncə yolunda hərəkətdə olarkən yük avtomobili məni çaşdırdı. Heç bir avtomobildə belə bir şey yoxdur. Yük maşının arxasına iki güclü işıq quraşdırıb. Şəxsən mən ani olaraq hansısa nəqliyyat vasitəsinin yolun istiqamətinin əksinə gəldiyini düşünüb qorxdum. Çox ağır bir qəza törədəcəkdim. Dövlət Yol Polisinin əməkdaşları bu cür məqamlara niyə nəzarət etmirlər? Hər kəsin evində gözləyən ailəsi var, əzizləri  var. Xahiş edirəm bu cür qayda pozuntularına ciddi nəzarət edilsin”.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntü ilə bağlı hazırda araşdırma aparılır.

“Belə formada nəqliyyat vasitəsinin idarə edilməsi qanunaziddir. Nəzərə almaq lazımdır ki, bu cür fara arxadan gələn avtomobil sürücülərinin idarəetməni itirməsinə və yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər. Odur ki, sürücülərdən xahiş olunur ki, özlərinin, digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmasınlar. Yol hərəkəti qaydalarına ciddi riayət etsinlər”.