Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri akvatoriyasında, Mingəçevir və Şəmkir su anbarlarında, Baş Mil-Muğan Kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Bakı şəhər sakini Elman Nəsirov, Mingəçevir şəhər sakini Müzadil Quliyev, Ağcabədi rayon sakini Dəyanət Abbasquluyev, Tovuz rayon sakini Elşad Məmmədov, Sabirabad rayon sakinləri Naib və Aslan Vəliyevlər, Elsevər Qasımov, Şəmkir rayon sakini Vüqar Həsənov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Xidmət rəsmisi qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini qeyd edib.
B.Məhəmmədov balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırıb.