Ali Məhkəmədə qaçaqmalçılıq və dələduzluqda təqsirli bilinən İlkin Əliyev, Malik Heydərov və Rinat Qabitovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Qazaxıstan vətəndaşı Rinat Qabitov Azərbaycan vətəndaşları Mailk Heydərov və İlkin Əliyev, həmçinin Qazaxıstanın digər vətəndaşları ilə qabaqcadan əlbir olub, Rinat Qabitovun Qazaxıstanın Gömrük Orqanında vəzifəli şəxs kimi fəaliyyət göstərən vəzifə səlahiyyətlərindən istifadə etməklə 1 170 000 ABŞ dolları dəyərində tekstil mallarını sənədlərdən və gömrük eyniləşdirməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, Qazaxıstan Respublikasının gömrük sərhədindən qəsdən qaçaqmalçılıq yolu ilə keçiriblər.
Bundan başqa, təqsirləndirilən şəxslər İran və Türkiyəyə də gömrük nəzarətindən kənar külli miqdarda tekstil mal keçiriblər.
Həmçinin təqsirləndirilən Rinat Qabitov zərərçəkmiş Amil Yusifova külli miqdarda ziyan vurmaqda da təqsirli bilinib.
İstintaq orqanı tərəfindən Rinat Qabitovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) maddələri ilə, İlkin Əliyev və Malik Heydərovun barəsində isə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rinat Qabitov 11 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - İlkin Əliyev və Malik Heydərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların hər birinin barəsində 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza verilib./pravda.az