"Haluk Levent borclarına görə məni bu vəziyyətə saldı" - Saxlanılan köməkçisi danışdı

İstanbul Respublika Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan Haluk Leventin köməkçisi Yeliz Kaya ifadə verib.

Stopnarkotik.az xəbər verir ki, o, ifadəsində sığortalı işçi kimi çalışdığını, bütün bank hesablarını isə yalnız Haluk Leventin göstərişi ilə istifadə etdiyini bildirib. Kaya Ahbap Dərnəyinin fəaliyyətindən xəbərsiz olduğunu iddia edib. 

"Haluk bəy mənə demişdi ki, dərnəyin sədri olduğu üçün dərnəkdən borc ala bilər", – Kaya ifadəsində qeyd edib.

Yeliz Kaya əlavə edib ki, onun adına rəsmiləşdirilən çeklərin arxasındakı imzaları da Haluk Levent atıb.

"Çeklərin arxasındakı imzaları Haluk Levent mənim imzam kimi özü atıb. Hətta həmin imza mənim həqiqi imzam da deyil. Elə buna görə də sonradan həmin çekləri bazardan geri topladılar. Mən daşınmaz əmlakları Haluk Leventin borclu olduğu Esin Öndər Çağlayana təhvil vermişəm.

Onun dediyi başqa şəxslərə də əmlak ötürmüşəm. Həmin insanları tanımıram, sadəcə Haluk Levent onların qarşısında borclu olduğunu deyirdi. Əmlakı öz adına keçirə bilmədiyi üçün mənim adımdan istifadə edib. Məni alətə çevirib. Hazırda çox çətin vəziyyətdəyəm, həbsdəyəm. Deyəcəklərim bunlardan ibarətdir. Onun ucbatından banklara borclandım, kredit kartlarımın limiti tükəndi. Haluk Levent öz borclarına görə məni bu vəziyyətə saldı", – Kaya bildirib.