Azərbaycanlı qadın əri tərəfindən “əsir” saxlanılır – DETALLAR

Uzun müddət əri tərəfindən fiziki, iqtisadi və psixoloji təzyiqə məruz qalan qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edib. Rusiyada yaşayan qadın övladları ilə birgə vətənə gəlmək istəsə də, həyat yoldaşı onu təzyiq və təhdid altında saxlayır.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bizim.Media-ya İctimai Birliyin rəhbəri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə qadının və uşaqla rının ölkəyə gətirilməsi üçün İnsan Hüquqları Müvəkkilinə (Ombudsman) yaxud Xarici İşlər Naziliyinə müraciət edəcək:

“Ucqar rayonlardan birindən olan xanım Rusiyada əri tərəfindən təzyiq altında saxlanılır. Nə rəsmi nikaha girir, nə onu insan yerinə qoyur, nə də övladları ilə birgə ölkəyə qayıtmasına imkan verir. Həm iqtisadi, həm fiziki, həm də psixoloji təzyiq və zorakılıq altında saxladığı qadını üstəlik hər dəqiqə hədələyir. İki övladı olub və bu müddət ərzində qadınla istədiyi kimi davranıb. İndi də hədə-qorxu gəlir ki, məndən şikayət etsən, uşaqları əlindən alacağam. Qadına “çıx get, mənə uşaq lazım idi və səni doğmaq üçün gətirmişdim” deyir. 

Qadın isə uşaqlarsız qayıtmaq istəmir. Əri tərəfindən zorakılıq görə qadın təhsilsizdir və hazırda çarəsiz durumdadır. Onun və uşaqlarının  ölkəyə gətirilməsi üçün addım atmaq lazımdır.

Uşaqsız gəlmədiyi halda qadın orada əsir və girov kimi qalacaq”. 

Mehriban Zeynalova təzyiq və təhdid altında saxlanılan qadının ölkəyə gətirilməsi ilə bağlı İnsan Hüquqları Müvəkkilinə (Ombusdman) və XİN-ə məktubla müraciət edəcəyini bildirib.