Dünən axşam Vladimir Putin və Donald Tramp arasında sonuncunun təşəbbüsü ilə telefon danışığı baş tutub. Bir çox müşahidəçilər bu zəngi “gözlənilməz” adlandırır. İrana qarşı hücumun indiki “qaynar çağında” Trampın Kremlə hansı zərurətdən irəli gələrək zəng etməsi maraq doğurur.
Putinin köməkçisi Yuri Uşakovun mətbuata açıqlamasına görə, təxminən bir saat davam edən telefon söhbəti zamanı Putin həmkarına Ukraynadakı Rusiya Silahlı Qüvvələrinin “uğurları” barədə məlumat verib. Uşakovun sözlərinə görə, Putin "hazırda təmas xətti boyunca baş verənləri, Rusiya qoşunlarının kifayət qədər uğurla irəlilədiyi yerləri təsvir edib". Putinin sözlərinə görə, bu, "Kiyevdəki rejimi, nəhayət, münaqişənin danışıqlar yolu ilə həlli yolunu tutmağa təşviq etməlidir".
Təbii ki, Trampı Putin ordusunun Ukraynadakı “uğurları” az maraqlandırır. ABŞ Prezidenti cəbhədəki vəziyyətdən bəlkə də Putindən daha çox məlumatlıdır və yaxşı bilir ki, yerində sayan rus ordusunun hansısa uğurundan danışmaq gülüncdür. Rusiya ordusunun Ukraynada irəliləməsi faktiki olaraq dayanıb. Əksinə, “DeepState”-in məlumatıan görə, 23 fevraldan 1 marta qədər Rusiya 16,2 kvadrat kilometr Ukrayna ərazisini itirib…
Uşakovun sözlərinə görə, Tramp Ukraynada "tezliklə atəşkəs əldə olunmasında və uzunmüddətli nizamlanma"da maraqlı olduğunu bildirib. Putin isə ABŞ-nin vasitəçilik səylərini "müsbət qiymətləndirib".
Daha sonra tərəflər ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı da daxil olmaqla, "mövcud beynəlxalq vəziyyətin inkişafına" diqqət yetiriblər. Uşakovun sözlərinə görə, Putin Yaxın Şərqdəki müharibənin həlli ilə bağlı fikirlərini, o cümlədən region liderləri ilə söhbətlərinin nəticələrini Trampa çatdırıb.
Rusiya Prezidentinin köməkçisi deyib ki, iki lider arasında 2025-ci ilin dekabrından bəri ilk dəfə baş tutan söhbət “səmimi, işgüzar və konstruktiv olub”. O əlavə edib ki, hər iki tərəf bu cür ünsiyyətin müntəzəm olaraq aparılmalı olduğuna razıdır.

Əlbəttə ki, Uşakov sözügedən telefon danışığının bütün təfərrüatını açıqlaya bilməzdi. Lakin təhlilçilər hesab edir ki, bu zəngin Trampın təşəbbüsü ilə və məhz indi baş verməsi təsadüfi deyil. Belə ki, bundan öncə "The Washington Post" qəzeti öz mənbələrinə istinadla Moskvanın İrana Yaxın Şərqdəki ABŞ hərbi bazaları, radarları və digər qüvvələri haqqında kəşfiyyat məlumatları ötürdüyünü yazıb. Tramp jurnalistlərin bu xəbərlə bağlı sualına əvvəlcə əsəbi şəkildə, kobudluqla cavab verib. Lakin sonradan bunu dolayısı ilə təsdiqləyib və iddia edib ki, Tehrana hər hansı bir yardımın faydası yoxdur, çünki bu cür məlumatlar "İrana az kömək edir" və vəziyyəti dəyişmir. Lakin əksər mütəxəssislər heç də bu cür düşünmür. ABŞ-nin 500 milyon dollarlıq radarının vurulması bunun əyani sübutlarından biridir. Odur ki, Putinə zəngdə bu mövzunun qaldırıldığı şübhə doğurmur.
Putinlə Trampın söhbətindən qısa müddət sonra "Reuters" agentliyi öz mənbələrinə istinadla məlumat yaydı ki, Tramp administrasiyası İrana qarşı müharibənin yaratdığı qlobal enerji qiymətlərinin kəskin artımının qarşısını almaq üçün Moskvaya qarşı neft sanksiyalarının yumşaldılmasını nəzərdən keçirir. Agentliyin məlumatına görə, bu barədə tezliklə rəsmi açıqlama verilə bilər. Bu “yumşalma”nın həm də Tramp-Putin telefon danışığının nəticəsi olduğu şübhə doğurmur. Şərhçilər bunun Rusiyanın İrana texniki dəstəyini, məlumat ötürməsini dayandırması müqabilində baş verəcəyini istisna etmirlər.
Bütün bunlar onu deməyə əsas verir ki, bu telefon danışığı da “sövdələşmə sevdalısı” olan Trampın Putinlə bazarlığının növbəti elementlərindən başqa bir şey deyil./azpolitika.info