SEPAH-ın yeni komandanı Əhməd Vahidi kimdir? – İnterpol “qırmızı bülleten”lə axtarırmış

Briqada generalı Əhməd Vahidi İranda ən güclü və təsirli vəzifələrdən birini tutan şəxslərdən biridir. Bu vəzifə həm də daim təhlükə altında olan bir post sayılır.

AlJazeera-ya istinadən onun bioqrafiyasını təqdim edirik:

Vahidi İranın İslam İnqilabı Keşikçiləri Korpusuna çox çətin bir dövrdə rəhbərlik etməyə başladı. ABŞ və İsrailin ölkəyə qarşı apardığı müharibə nəticəsində ölkənin yüksək rütbəli hərbi rəhbərliyinin böyük hissəsi öldürülüb.

Əhməd Vahidi kimdir?

SEPAH-ın yeni komandanı Əhməd Vahidi haqqında beynəlxalq mediada və analitik mənbələrdə çox sayda tənqid və mübahisəli məlumatlar qeyd olunur. Bu məlumatların bir hissəsi rəsmi ittihamlar, bir hissəsi isə siyasi və analitik qiymətləndirmələrdir.

Əhməd Vahidi uzun illər SEPAH strukturlarında yüksək vəzifələrdə çalışıb və İranın ən sərt xətt tərəfdarı hesab edilən hərbi-siyasi fiqurlarından biri sayılır. Analitiklər bildirirlər ki, o, xüsusilə regionda İranın hərbi təsirini genişləndirmə siyasətinin tərəfdarlarından biridir.

Onun barəsində ən ciddi ittihamlardan biri 1994-cü ildə Argentinanın Buenos-Ayres şəhərində yerləşən AMIA yəhudi icma mərkəzində baş verən terror aktı ilə bağlıdır. Həmin partlayış nəticəsində 85 nəfər həlak olmuşdu. Argentina hakimiyyəti bu hadisədə Vahidinin rolunun ola biləcəyini iddia edərək İnterpol vasitəsilə onun barəsində “qırmızı bülleten” yayımlamışdı. İran isə bu ittihamları rədd edib və onları siyasi motivli adlandırıb.

Vahidinin fəaliyyəti Qərb ölkələri tərəfindən də tənqid olunub. ABŞ və Avropa İttifaqı onu 2022-ci ildə İranda baş verən etiraz aksiyalarının zorakılıqla dağıdılması ilə əlaqədar sanksiya siyahısına daxil edib. Həmin etirazlar Mahsa Amininin polis nəzarətində ölümü ilə başlamışdı və təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi beynəlxalq səviyyədə ciddi reaksiyalara səbəb olmuşdu.

Bəzi Yaxın Şərq analitikləri Vahidini sərt və kompromissiz mövqeyi ilə tanınan fiqur kimi xarakterizə edir. Məsələn, region üzrə bəzi ekspertlər onun rəhbərliyi altında SEPAH-ın daha aqressiv hərbi strategiya yürüdə biləcəyini ehtimal edirlər.

Digər tərəfdən, Vahidi təkcə hərbi deyil, həm də siyasi vəzifələrdə çalışıb. O, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dövründə müdafiə naziri, daha sonra isə prezident İbrahim Rəisinin hökumətində daxili işlər naziri olub. Bu vəzifələrdə çalışdığı dövrdə onun təhlükəsizlik siyasəti və sərt mövqeyi tez-tez mübahisələrə səbəb olub.

Bəzi analitiklər hesab edir ki, Vahidinin SEPAH-ın rəhbəri seçilməsi İranın mövcud müharibə və regional qarşıdurma şəraitində daha sərt və hərbi yönümlü strategiya seçdiyini göstərir. Onların fikrincə, İran rəhbərliyi bu vəzifə üçün ən sadiq və sərt fiqurlardan birini seçməyə çalışıb.

Vahidinin SEPAH rəhbəri təyin olunması gözlənilməz sayılmırdı. Dekabr ayında müharibənin ilk günündə öldürülən İranın Ali rəhbəri Ayətullah Əli Xamenei onu SEPAH rəhbərinin müavini təyin etmişdi.

1980-ci illərin ortalarında Vahidinin İran nümayəndələri ilə ABŞ prezidenti Ronald Reyqan administrasiyasına yaxın vasitəçilər arasında gizli danışıqlarda iştirak etdiyi bildirilir. Bu görüşlər ABŞ rəsmilərinin İrana gizli silah satışı ilə bağlı İran-Kontra qalmaqalı ilə əlaqələndirilirdi.

Vaşinqtonda yerləşən Arab Gulf States Institute analitik mərkəzinin İran üzrə eksperti Əli Alfoneh Al Jazeera-ya bildirib ki, Vahidi həmin danışıqlarda iştirakına görə, ABŞ və İsraili yaxşı tanıyır.

ABŞ və Avropa İttifaqı isə onu 2022-ci ildə Mahsa Amininin ölümündən sonra İranda baş verən kütləvi etirazların sərt şəkildə yatırılmasına görə sanksiya siyahısına daxil edib. Amini saçını tam örtmədiyi üçün saxlanıldıqdan sonra polis nəzarətində ölmüşdü.

Yaxın Şərq üzrə Amwaj xəbər portalının baş redaktoru Məhəmməd Əli Şəbani X sosial şəbəkəsində yazıb ki, Vahidinin sələfləri Pakpur və Səlami onunla müqayisədə “məktəb müəllimi kimi görünür”.

“Bu adam çox sərtdir. İsrailin zərbələrindən sonra sərt xətt tərəfdarları boş qalan vəzifələri tez doldurur”, – deyə o qeyd edib./lent.az