AZƏRBAYCANDA NARKOTİKLƏ ƏLAQƏDAR CİNAYƏTLƏR ARTIR - 46 ölkə arasında ilk yerdəyik / Araşdırma

Hər bir ölkədə kriminal fonu artıran faktorlardan biri narkotiklə bağlı cinayətlərdir. Narkotik artıq öz-özlüyündə cinayətə gedən yolları təşviq edir. Çünki istənilən narkomanın məqsədi nə yolla, nəyin bahasına olur-olsun narkotiki əldə etməkdir. Yəni narkotiki əldə etmək cinayətin başlıca bəhanəsi, "motivasiyası"dır.

Azərbaycanda da narkotikin cinayətkarlığı tətikləməsi danılmaz reallıqdır. Həbsxanalarda da narkotiklə bağlı cinayət faktları az deyil, əksinə, cinayət statistikasının körükləyən başlıca faktorlardan biri narkotiklə bağlı törədilən cinayətlərdir. 

Dünya ölkələrində cinayətkarlıq səviyyəsini rəqəmlərlə əks etdirən SPACE I hesabatı bu baxımdan gözdən keçirilməlidir. Bu hesabatda, hər 100 000 əhali sayına düşən cinayətkarlıq həddinə görə, Azərbaycan ön yerlərdə qərar tutur. Amma digər tərəfdən, bəzi göstəricilər üzrə kriminal statistikada ölkəmiz son sıradadır. Məsələn, həbsxanada 50 yaşından yuxarı qadınların olmaması baxımından alt yerdəyik. Cəzasını sona qədər çəkməyən məhbusların sayına görə Azərbaycan öndədir. Hər yüz yerə düşən məhbus sayına Azərbaycanda sıxlıq Avropa meyarlarından 5,1%-lə 25% civarında yuxarı həddədir.

Burada bir haşiyə çıxıb qeyd edək ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində anaları ilə yaşayan uşaqlar var və o uşaqlar 3 yaşına qədər anaları ilə yaşaya bilər. Amma bu uşaqların sayı məlum deyil. 

Beləliklə, 2024-cü ilin yanvarın 31-də tərtib olunan və həmin ilin senytabrında yenilənən "SPACE I" rəqəmlərinə görə, bu dönəmdə ölkəmizin 10 180 770 nəfər əhalisi olub, ümumi məhbus sayı isə (Məhbusların ümumi sayı - məhkəməyəqədər həbsdə olanlar da daxil olmaqla) 26894 nəfər olub. Əhalinin hər 100.000 nəfərinə düşən məhbus sayı isə 264,2 nəfər olub. Həbsxanadakı yetkinlərin ümumi sayı 26822 olub. 

2024-cü il üzrə Azərbaycanda Cinayət Məcəlləsinin fəsilləri üzrə qeydə alınmış cinayətlərin sayı 33379, cinayət törətmiş şəxslərin sayı isə 22 485 nəfər olub. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayı 8863 olub.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törədən şəxslərin sayı ildə 7245 nəfər, məhkumların cəmi sayı 15 885 nəfər olub. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər üzrə məhkumların sayı 7659, amma narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin sayı sayı 7245 olub.

Öncə qeyd edək ki, burada 7659 və 7245 rəqəmlərinin arasında uyğunsuzluq var. Belə ki, necə olur, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törədən şəxslərin sayı 7245 nəfər olur, amma həbsxanada bu ittiham üzrə məhbusların sayı 7659 nəfər olur? "SPACE I" rəqəmləri ilə tutuşdurduqda da uyğunsuzluq görünür. "SPACE I" -in rəqəmlərində məhkəməyə qədər, yəni ittihamı konkretləşənə qədər həbsxanada qalanlar da daxil olmaqla, ümumilikdə məhbusların sayı 2024-cü ildə 26894 olubsa, bu 22485 rəqəmindən çoxdur, arada 4409 fərq var.

Bundan başqa, "SPACE I" -ə görə, həbsxanadakı yetkin şəxslərin ümumi sayı 26822 ilə 22485-in arasında yenə də 4337 nəfər fərq var. 26894 məhbusun 20370 nəfəri artıq məhkum edilmiş (ittiham aktı verilmiş, cəzası bəlli olanlar) olanlardır. Bizim rəsmi mənbələrdə məhkumların cəmi sayı 15885 nəfərdirsə, "SPACE I"-də ittiham hökmü almış məhbusların sayı 20370 nəfər olub ki, burada da iki göstərici arasında fərq 4485-dir.  

26894 məhbusdan 6524 nəfərinin 2049 nəfəri hələ məhkəməsi olmamış, 2977 nəfəri günahkar sayılan, lakin hələlik qəti hökmü çıxmayanlar, 754 nəfəri apelyasiya şikayəti verən və ya qanunla müəyyən edilmiş limit daxilində olan məhkumlar, 720 nəfəri hələlik qəti cəzası bəlli olmayan, lakin həbs cəzasını çəkməyə başlayanlar, 24 nəfəri naməlum olanlardır.

Cinayət üzrə məhkumların bölgüsünə gəlincə, 20 370 nəfər məhkumun 2318-i adam öldürmə, 658 nəfəri hücum və döyülmə, 267 nəfəri zorlama, 352 nəfəri soyğunçuluq, 2 222 oğurluq, 211 nəfəri iqtisadi-maliyyə cinayətləri, 9 154 nəfəri (44,9%) narkotik cinayətləri, 89 nəfəri terrorçuluq, 1193 nəfəri yol-hərəkəti cinayətləri, 3906 nəfəri digər cinayətlərlə bağlı cəzaçəkmə müəssisəsindədir. Göründüyü kimi, Statistika Komitəsinin rəqəmlərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş məhkumların (artıq ittiham aktı verilmiş) sayı 7659 olubsa, "SPACE I" -in məlumat bazasında bu rəqəm 9154 nəfər olub ki, burada fərq 1495-dir.   

Həmçinin, 2024-cü ildə qeydə alınmış cinayətlərdən 9-u narkotikin təsiri altında törədilib, 3879-u narkomanlar tərəfindən törədilib, 168-i sərxoş vəziyyətdə törədilib. Ümumilikdə, 438 cinayət residiv (təkrar cinayət) olub. 

Nümunəli müqayisə üçün qeyd edək ki, Ermənistanın 2024 31 yanvara olan əhali sayı 2 991 202 nəfərdisə, məhbuslarının sayı 2469 nəfər olub. Ermənistanda 100 000 nəfərə düşən məhbus sayı 82,5 nəfərdir. Gürcüstanın da bu tarixə olan əhalisi 3 807 670 nəfər olub, məhbuslarının sayı isə 9926 nəfər, 100 000 nəfərə düşən məhbus sayı 260,7 nəfər olub.

Azərbaycanda həbsxanada yetkinlik yaşına çatmayan məhkumların ümumi sayı 72 nəfər olub. Cəzaçəkmə müəssisələrində yaşa görə əhali üzrə rəqəmlər "SPACE I" statistikasında mövcud deyil. Bizə nisbətən Ermənistan üzrə müəyyən göstəricilər var, Gürcüstan üzrə isə bütün göstəricilər şəffaf şəkildə əks olunub. Azərbaycanda 26 894 məhbusun 26117 nəfəri kişidir, onlardan 6337-si cəzasını sona qədər çəkməyən olub. Məhbusların 777 nəfəri qadındır, onlardan 187-si cəzasını sona qədər çəkməyib. 

Müqayisə üçün qeyd edək ki, Gürcüstanda məhkumluq yaşayan 8133 nəfər məhbusun 1 776 (21.8%) nəfəri narkotik cinayətləri ilə bağlı həbsdədir. Türkiyədə isə məhkumluq yaşayan 258089 nəfərdən 94 366 nəfər məhbus (36.6%) narkotik cinayətləri ilə həbsdədir. Rəqəmlərdən göründüyü kimi, Gürcüstan və Türkiyə ilə müqayisədə Azərbaycanda narkotik cinayətləri ilə bağlı həbsdə yatanlar xeyli çoxdur. Hansı ki, bizdə bu göstərici rəsmi olaraq 45%-dir. Qeyri-rəsmi olaraq isə 50%-in üzərindədir.

Onu da vurğulamaq lazımdır ki, oğurluq, qətl cinayətlərini törədənlərin bu əmələ əl atması bir sıra hallarda narkotik ucbatından baş verir. Elə narkotik istifadə edib nəqliyyat vasitəsi idarə edənlər də az olmur.     

Azərbaycan “sizin cəzaçəkmə müəssisələrinin ümumi tutumu yuxarıda göstərilənlərlə uyğun gəlirmi?” sualına “hə”, “Məhbusların gecə fərdi kameralarda yerləşdirilməsi imkan varmı?” sualına “yox” cavabı verib. Çünki Azərbaycanda 26894 nəfər məhbus varsa, cəzaçəkmə müəssisələrinin ümumi tutumu ən çox 26150 nəfərlikdir. Həbsxana sıxlığını hər 100 yerə 102,9 rəqəmi əks etdirir. Müqayisə üçün deyək ki, Ermənistanda 2469 nəfər məhbus qarşılığında cəzaçəkmə müəssisələrinin ümumi tutumu 4491 nəfərlikdir və hər yüz nəfərlik yerə 55 nəfər düşür. Cəzaçəkmə müəssisələrində kameraların ümumi sayı 691-dir, bir kameraya düşən məhbusların orta sayı 4 nəfərdir. Gürcüstanda isə 9926 məhbus varsa, cəzaçəkmə müəssisələrinin ümumi tutumu 12 332 nəfərlikdir, həbsxana sıxlığı hər 100 yerə 80,5-dir, cəzaçəkmə müəssisələrində kameraların ümumi sayı 2583-dür, bir kameraya düşən məhbusların orta sayı 3,8-dir. 

2023-cü ildə Azərbaycanda 26894 məhbusdan 8854 nəfər azadlığa çıxıb, bu hər 100 000 nəfərə 85,3 nəfər təşkil edir, ümumən 178 məhbus ölüb ki, ondan da 169 nəfər cəzaçəkmə müəssisəsində ölüb ki, bu da 1,9% edir.      

Azərbaycan tərəfi “şübhəli şəxs ən azı bir gün qalarsa, polis kameralarında keçirdiyi günləri sayırsınızmı?” sualını “yox” deyə cavablayıb. 

Gələk qidalanma məsələsinə. 2023-cü il üçün avronun orta məzənnəsi 1,68 manat təşkil edib. Cəzaçəkmə müəssisələrində (2023-cü il ərzində) bir məhbusun saxlanılması üçün gündə orta hesabla xərclənən məbləğ 9,32 avro olub. Məhkum edilməmiş hər bir nəfərə 7,27 avro, məhkum edilmiş şəxsə 7,57 avro xərclənir. Həbsxana rəhbərliyi tərəfindən 2023-cü ildə xərclənən ümumi büdcə 85 728 339.00 avro olub. Ermənistanda 1 məhbusun cəzaçəkmə müəssisəsində saxlanma xərci orta hesabla 32,80 avrodur. Məhkumluq müddəti almamış məhbusa 32,60 avro, məhkumluq müddəti almış məhbusa xərclənən məbləğ 33 avrodur. Ermənistanda həbsxana rəhbərliyi tərəfindən 2023-cü ildə xərclənən büdcə 29 370 000.00 avro olub. Gürcüstanda bir məhbusun saxlanması üçün aylıq xərc 19,20 avrodur. Gürcüstanda həbsxana rəhbərliyinin illik büdcəsi 68 137 560.20 avro olub. 

Yuxarıda yazıldığı kimi, rəqəmlərdən belə anlaşılır ki, Azərbaycanda türmədə "yatan" hər 100 nəfərdən 45-nin ittihamı narkotikə ilə bağlıdır. Azərbaycan bu ittihamla həbs edilən məhbus sayına görə də Avropa Şurası ölkələri arasında rekord göstəriciyə sahibdir, 46 üzv ölkə arasında 1-ci yerdədir. 

Yazını davam etdirmədən bir haşiyə çıxıb qeyd edək ki, Azərbaycan tərəfindən həbsxana işçilərinin sayı haqda heç bir məlumat verilməyib, amma Gürcüstan və Ermənistan tərəfindən bu məlumatlar açıqlanıb. Bu məlumatlar cəzaçəkmə müəssisələrindən kənarda işləyən işçilər/cəzaçəkmə müəssisələrinin içində işləyən işçilər/icraçılar, həbsxana işçiləri/Tibbi və paramedic işçiləri/qiymətləndirməyə görə məsul işçilər/təhsil fəaliyyətlərinə görə/seminarlar/peşə təlimi üçün məsuliyyət daşıyanları əhatə edir.

Onu da əlavə edək ki, hər bir işçiyə və hər bir nəzarətçiyə düşən məhbusların nisbəti, eləcə də vəzifəsi yalnız qəyyumluğa aid olan qəyyumluq işçilərinin sayı da açıq şəkildə göstərilib. Yəni cəzaçəkmə müəssisələrində məhkumların islah edilməsi üçün iş aparan, buna məsul olan qəyyumlar fəaliyyət göstərir. Azərbaycan tərəfi bununla bağlı heç bir məlumat təqdim etməyib.

2025-ci ilə nəzər saldıqda görürük ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2025-ci il ərzində ölkədə 31852 cinayət hadisəsi qeydə alınıb ki, onun 7763-ü və ya 24,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuşdur. Məlumata görə, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. "SPACE I"-in 2024-cü il üzrə məlumatına görə, əhalinin hər 100 000 nəfərinə düşən məhbus sayı isə 264,2 nəfər olub. 2025-ci il üzrə isə hər 100.000 nəfərə düşən cinayətlərin sayı 310 fakt olub.

Amma bu məhbusların sayını əks etdirirmi? 2025-ci il üzrə məhkumların sayı bəlli olmadığına görə, hər 100 000 nəfərə düşən məhkum sayını bilmirik.

Nəzərə alsaq ki, 2024-cü il üzrə Azərbaycanda Cinayət Məcəlləsinin fəsilləri üzrə qeydə alınmış cinayətlərin sayı 33379 olub və cinayət törətmiş şəxslərin sayı 22 485 nəfər olub, məhkumların cəmi sayı isə 15885 nəfər olub, hərçənd "SPACE I" rəqəmlərində ümumi məhbus sayı 26894, həmin məhbusların 20370 nəfəri artıq məhkum edilmiş şəxs kimi təsbit olunubsa, 2025-ci ilin 31852 cinayət hadisəsindən həbsə düşənlərin, artıq ittiham hökmü almış məhkum edilənlərin sayında xarici təşkilatlara verilən rəqəmlərin Statistika Komitəsinin rəqəmlərindən fərqlənməyəcəyinə necə əmin ola bilərik?   

Yazılanlara Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar ayının yekununa dair açıqladığı rəqəmləri də əlavə etsək, görünür ki, 2026-cı il rəqəmlərinin asta templə gedəcəyinə arxayın ola bilmərik. Məlumata görə, hüquq mühafizə orqanlarının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarda ümumilikdə 793 cinayət faktı aşkarlanıb. Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur. 100 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 59 kq 691,5qr müxtəlif növ narkotik vasitə müsadirə edilmişdir. Burada maraqlı iki nüans diqqəti cəlb edir. Aşkarlanan 730 cinayət faktından 162-sinin narkotik vasitələrin qanunsuz satışı, 630-nun isə narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması elə təəssürat yaradır ki, sanki narkotik satan “alverçi zümrəsi” satış ittihamı ilə ələ keçməmək üçün özünü “narkotiki qanunsuz əldə edilib saxlanması” maddəsi ilə zəmanətə alır. Şəxsin özü üçün istifadə miqdarı bəllidir. Elədirsə, şəxsin istifadə miqdarından artıq narkotiki qanunsuz əldə edib ehtiyat anbarı kimi saxlaması nə məqsəd daşıyır? 

Digər tərəfdən, maraqlı fakt 793 cinayət faktından 100-nün əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş olmasıdır. Bu say az deyil və məhz ona işarə edir ki, həbsxanalarda cəza çəkənlər nəinki islah olmurlar, əksinə orada püxtələşirlər, geniş cinayət əlaqələri ilə tanış olurlar, azadlığa çıxandan sonra başqalarını da cəlb edib narkotik cinayətlərini “düz-qoş” edirlər. Təsadüfi deyil ki, demək olar günaşırı keçmiş məhkumların başqalarını da başına yığıb müxtəlif, o cümlədən narkotik cinayəti törətməsi xəbərləri ilə rastlaşırıq.     

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin yanvar ayı ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 108, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 125 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 143 kq 128,62 qr artıb. Bu, bir tərəfdən belə şəxslərin zərərsizləşdirilməsi baxımından müsbət olsa da, digər tərəfdən isə narkotikin kriminal fonu necə yüksəltdiyini ortaya qoyur. Keçmiş məhkumların cinayətə geri dönməməsi üçün cəzaçəkmə müəssisələrində onların islahına yönəldilmiş təhsil/peşə fəaliyyətləri aparılmalı, islah işlərinə barmaqarası baxılmamalı, məhbusların əmək fəaliyyətinə yönəldilməsi, əmək–peşə vərdişlərinin mənimsənilməsinə diqqət yetirilməlidir. Yəni bu işlər kağız üzərində, sözdə yox, işdə icra olunmalıdır.

Nəzərə almaq lazımdır ki, məhbuslar həbs müddətini bitirdikdən sonra cəmiyyətə qayıdacaqlar. Və cəmiyyətdə sakit, dinc yaşamaq üçün onlarda faydalı tərəflər üzə çıxarılmaslı, tərbiyə edilməlidirlər.

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az