Lənkəran Ağır Cinayətlər Məhkəməsində anasının qətlinə kömək etməkdə təqsirləndirilən 2008-ci il təvəllüdlü Kamil Bağırovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən iclasda o, Cinayət Məcəlləsinin 32.5 və 120.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Kamil Bağırovun sözlərinə görə, zərərçəkmiş Afət Əsgərova onun doğma anası olub.
İfadəsində ailə vəziyyəti və hadisəyə aparan proses barədə geniş danışan təqsirləndirilən şəxs qeyd edib ki, valideynləri arasında yaranmış münaqişələr səbəbindən ailə dağılmış, anası digər övladlarını götürərək ata evinə köçmüş, özü isə atası ilə yaşamaqda davam edib. Sonrakı dövrdə anasının müxtəlif şəxslərlə münasibət qurduğunu eşitdiyini, bu səbəbdən ailə daxilində və qohumlar arasında narazılıqlar yarandığını deyib.
Kamilin sözlərinə görə, xüsusilə bacısının həyat yoldaşı Loğman Nəsibov və Moskvada yaşayan qohumu Bəhruz Əsgərov anasının həyat tərzini kəskin tənqid edərək onun öldürülməsinin “vacib” olduğunu bildiriblər.
Təqsirləndirilən şəxs vurğulayıb ki, 2024-cü ildə Moskvada olduğu müddətdə Loğman Nəsibov ona dəfələrlə Afət Əsgərovanın ailənin namusunu ləkələdiyini deyərək öldürülməli olduğunu bildirib. Əvvəlcə bu fikirlə razılaşmadığını desə də, sonradan Loğman Nəsibovun təsiri və təzyiqləri altında bu niyyətlə razılaşıb və ona kömək edəcəyinə söz verib.
Onun ifadəsinə əsasən, 6 dekabr 2024-cü il tarixdə babası və nənəsinin evdə olmamasından, habelə azyaşlı qardaşının evdən çıxmasından istifadə edərək, Loğman Nəsibova evdə əlverişli şərait yarandığı barədə “WhatsApp” vasitəsilə məlumat verib. Ustanın da evdən getməsini təmin etdikdən sonra Loğman Nəsibov həyətə daxil olub və evə keçib. Təqsirləndirilən şəxs Loğman Nəsibovun göstərişi ilə evi tərk edərək qapını bayırdan kilidləyib və açarı gizlədib.
O deyib ki, Loğman Nəsibovun anasını öldürəcəyini dəqiq bildiyi halda, hadisənin hansı üsulla törədiləcəyini bilməyib və bununla bağlı aralarında konkret razılaşma olmayıb. Bir qədər sonra Loğman Nəsibovun əməli həyata keçirdiyini işarə ilə təsdiqlədiyini, lakin təfərrüatları açıqlamadığını söyləyib. Sonradan anasının başının kəsilərək öldürüldüyünü öyrəndiyini qeyd edib.
Hadisədən sonra onlar Bakı şəhərinə gedərək oradan geri qayıdıblar. Təqsirləndirilən şəxs Loğman Nəsibovla olan bütün yazışmaları və əlaqə nömrələrini telefonundan sildiyini, cinayətin törədilməsinə şüurlu şəkildə kömək etdiyini və hərəkətlərinin nəticəsini dərk etdiyini bildirib. Eyni zamanda, o, azyaşlı qardaşının baş verənlərdən xəbərsiz olduğunu vurğulayıb.
İfadəsində Kamil anasının öldürülməsini arzuladığını, lakin onun əzab çəkməsini istəmədiyini deyib. O, Loğman Nəsibovun “qeyrət” və “namus” motivləri ilə ona psixoloji təsir göstərdiyini, bu təsir altında cinayətə kömək etdiyini etiraf edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs əməlini etiraf edərək, ona yüngül cəza təyin olunmasını xahiş edib.
İttihama görə, hadisə 2024-cü ilin dekabr ayında Ağcabədidə baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Afət Əsgərova kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tərəfindən qətlə yetirilib. Qadının oğlu - 2008-ci il təvəllüdlü Kamil Bağırov isə yeznəsi Loğman Nəsibova qətlin törədilməsində kömək edib.
Təqsirləndirilən Kamil Bağırova istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5 120.2.4-cü maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı əməl 32.5 120.1-ci maddələrinə tövsif edilib.
Qətli törətməkdə təqsirli bilinən Loğman Nəsibovun cinayət işi ayrıca icraata verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Bağırova Cinayət Məcəlləsinin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunması) tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib./pravda.az