Dron hücumları nəticəsində Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər.
***13:01
5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək", - deyə məlumatda qeyd olunub.
***12:43
5 mart tarixində günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.
Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.
İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.
Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.