İş yoldaşını öldürdü, meyitini doğrayıb torbalara yığdı – Nəsimidəki dəhşətli qətlin TƏFƏRRÜATI

Fəhlə yoldaşını qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb dərəyə atmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovunun cinayət işi üzrə məhkəməsi keçirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs olan Fazil Feyzullayev dindirilib. 

Onun sözlərinə görə, zərərçəkmiş şəxslə 3 il bir yerdə qalıb və aralarında heç bir ədavət olmayıb

"Fəhlə işləyirdik. Aramızda evi təmizləmək üstündə söhbətlər olurdu. Xələf dostum idi. Onun dalıyca bir dəfə ailəsi barədə nalayiq danışıb. Hadisə axşam üstü oldu. Mənim var yoxumu söyərək üstümə gəldi. Anında bir yumruq vurub yerə yıxdım. Sonra başını çarpayıya çırpdım və çarpayının ayaq hissəsi ilə dəfələrlə başına zərbələr endirdim. O, ünvanıma elə söyüşlər söydü ki, ölənəcən vurdum. Sonra onu doğramaq qərarına gəldim. Gedib "3-ün kruqu" deyilən ərazidən bıçaq və kəsici alət aldım. Onu bədən və ayaqlarını iki yerə bölüb sumkaya yığdım. Sumkanı tək çıxara bilmədim. Taksi çağırmışdım, Ülvi və Elmira da orda idilər. Üstüm - başım qan deyildi, evi qandan təmizləmişdim. Ülvi Abbasovun köməkliyi ilə taksiyə yığdım. Əvvəlcə taksini Şamaxinkaya sürdürdüm. Sonra sürücüyə 85 manat pul təklif edib Ağsu aşırımına sürdürdüm. Aşırıma çatanda əvvəlcə onun bədəninin bir hissəsini dərədən aşağı atdım. Digər hissəsini də atmaq istəyəndə gördüm ki, uşaq uzanıqlə başqa bir maşın gəlir tez taksiyə əyləşib ərazidən uzaqlaşdıq. Sürücüyə dedim ki köhnə zibildi atdıqlarım. Sonra bədəninin qalan hissəsini də rayon ərazisindəki Cavanşir gölünə atdım. Mənlə bir yerdə təqsirləndirilən Ülvi Abbasovun günahı yoxdu. Etdiyim əmələ görə peşmanam". 

Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin edilib. 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayədə yaşadığı evdə onunla birgə yaşayan Tərtər rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Sonra isə o, meyiti avtomobillə Ağsu dolaylarına gətirib. Meyitin iki torbasını Ağsu dolaylarından dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayət hadisəsinin üstü açılıb və Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb./"unikal"