Narkotik istifadəsinə yeni gələnlər bu işə adətən marixuana ilə başlayırlar. İnsanlarda belə bir fikir var ki, marixuana bitkisi digər narkotiklərlə müqayisədə daha az zərərli və nisbətən “məsumdur”, çünki kimyəvi yolla istehsal olunmayıb, təbii bitkidir və s. O cümlədən, “qara bazar”da narkotikdən “bixəbər” insanları tələyə salan da “İran marixuanasının bitkidən istehsal edildiyi” fikridir ki, bu da başdan ayağa cəhalətdir. Elə, insanları narkotik tələsinə salan da məhz cəhalətdir. Amma gəlin, görək həqiqətənmi bu iddialar əsaslıdır? Yəni istifadəçilərin “təlabatını ödəyən” əsas narkotik - marixuana güman edildiyi kimi məsum, zərərsizdirmi?
Zənnimizcə, bu suala cavab tapmaq üçün ilk növbədə laboratoriya üsulu ilə yaradılmış kimyəvi maddələrin marixuanaya püskürdülməsi nəticəsində orta çıxan maddə ilə təbii kannabisin təsirləri arasındakı fərqləri izah etmək zəruridir. Hərçənd, bu da heç bir halda təbii kannabisin uyuşdurucu məqsədilə istifadəsinə haqq qazandırmır.
Yeri gəlmişkən, “CannaReporter” nəşri çoxsaylı marixuana istifadəçilərinin “Cana-Cali” mağazasından aldıqları sintetik kannabinoidlərin istehlakı nəticəsində yaranan problemlərlə əlaqədar şikayətləri araşdırıb. Söhbət ondan gedir ki, bəzi xarici ölkələrdə açıq satışda olan marixuana istifadəsi narkotik istifadəçilərinə sağlamlıqla bağlı problem yaşadıb. Hətta, marixuanadan zəhərlənmə və ölüm halları da baş verib.

Araşdırma ortaya çıxarıb ki, alıcıların istifadə etdiyi həmin kannabis - çətənə məhsulları heç də təbii marixuana deyil. Əksinə, üzərinə spreylə psixotrop maddələr püskürdülüb ki, nəticədə təbii çətənə bitkisindən əsər-əlamət qalmayıb.
Onu da qeyd edək ki, bəzi xarici ölkələrdə marixuana mağazalarda açıq şəkildə satılırsa, bizim “qara bazar”a İrandan daxil olur və bu, qeyri-qanuni narkotik dövriyyəsinin əsas hissisəsini təşkil edir.
Amma məqalədə toxunulan əsas məqam odur ki, hətta açıq satışda olan “təbii marixuana”ya da kimyəvi qatqı əlavə olunub. Görünür, “təbii narkotik” adı altında psixotrop maddə ilə sintez olunan marixuananı açıq satışa çıxaranların məqsədi istifadəçiləri aldatmaqla, onları daha ağır narkotiklərə sürükləməkdir...
Sintetik kannabinoidlər kannabis deyil
Ümumiyyətlə, sintetik və yarı sintetik kannabinoidlər tez-tez təbii kannabislə səhv salınır, bu da müştərilərdə çaşqınlıq yaradır. Bu o zaman baş verir ki, ya istifadəçilərə lazımi məlumat verilmir, ya da istifadəçi bitkidəki “fitokannabinoid delta-9-tetrahidrokannabinol” təsirini axtarır, bunu isə mağazalarda aldıqları marixuandaya cilənmiş psixotrop maddələr verir.
İstifadəçilər bunu həm də ona görə axtarır ki, onlar narkotestlərlə aşkar edilmir. Narkotik asılılığı ilə bağlı bir çox hesabatda bildirilir ki, məhbuslar arasında istifadənin artmasının səbəbləri içində ən çox yayılmışı “Delta-9-tetrahidrokannabinol”dur. Yəni “Delta-9-tetrahidrokannabinol” effektini axtaran müştərilər sintetik kannabinoidlərlə qarşılaşırlar. Amma iş burasındadır ki, təbii çətənədəki tetrahidrokannabinol təsirini imitasiya edən laboratoriyada yaradılan “Delta-9-tetrahidrokannabinol” bədəndə fitokannabinoid kimi təsir göstərmir və hətta bəzi hallarda istifadəçilərin ölümünə gətirə bilir.

Bunu kannabinoid təbabəti üzrə dünyanın aparıcı mütəxəssislərindən biri olan İtan Russo 2025-ci ildə “CannaReporter”ə verdiyi müsahibədə izah edir: “Sintetik kannabinoidlər THC-dən 10-100 dəfə daha güclü ola bilərlər. Buna görə təsiri öldürücüdür. THC-nin çoxluğu paranoya, narahatlıq və ürək döyüntüsünə səbəb olduğu kimi, bu sintetik kannabinoidlərin bəziləri birbaşa ürəyə, qaraciyərə və ya böyrəklərə zəhərli təsir göstərir". Russo xəbərdarlıq edir ki, "qadağa səbəbindən insanlar təhlükəli sintetik kannabinoidlərə məruz qalaraq ölürlər".
Avropa Anti-Narkotik Təşkilatı (EUDA) 2025-ci il narkotik hesabatında yazır ki, "sintetik kannabinoidlər intoksikasiya epidemiyalarını sürətlə artıra bilər".
Təkcə 2024-cü ildə Macarıstanda tərkibində güclü sintetik kannabinoidlər olan saqqızların istifadəsi səbəbindən 30 kəskin zəhərlənmə hadisəsi qeydə alınıb və nəticələri qıcolma, huşunu itirmə olub.
Yeni psixotrop maddələri idarə etmək çətindir
Sintetik və yarı sintetik kannabinoidlər kimya sənayesində və ya tibbdə yenilik deyil. İlk yaradılmış süni kannabinoid paraqeksilin (həmçinin sinqeksil) kəşfinin müəllifi 1940-cı illərdə amerikalı kimyaçı Rocer Adams idi. Adams həmçinin kannabidiolu (CBD) ayırdı və delta-9-THC-nin strukturunu da tapdı. Amma kannabidolu tam ayırmaq 1964-cü ildə İsrail professoru və kimyaçısı Rafael Meçulama nəsib oldu.
Paraqeksil marixuanaya oxşar təsir göstərən, lakin kimyəvi cəhətdən fərqli olan THC-nin sintetik analoqudur. Bu kəşfdən sonra bir çox digər kannabinoidlər ayrılmış, transformasiya olunmuş və sintez edilmişdi, amma yaxın vaxta qədər bu molekullar elmi tədqiqat sahəsində qalmışdı. Lakin dünyanın müxtəlif yerlərində kannabisin leqallaşdırılması, digər bölgələrdə qadağanın davam etməsi ilə onlar laboratoriyadan küçələrə keçdi və bu gün bir çox insan üçün təbii bitki mənşəli THC-nin yerinə keçən yeganə alternativ psixotrop oldu.

EUDA bildirir ki, kəşf edilən ilk sintetik kannabinoid, “Spyce” kimi tanınan “JWH-018” idi və bu, hələ də bəzi mağazalarda və “qara bazar”da tapıla bilən leqal narkotikdir. Lakin müxtəlif preparatların imitasiyası olan bu "leqal narkotiklər" 2000-ci illərin ortalarında meydana çıxdı və o vaxtdan bəri sadəcə nəzarət edilən narkotik siyahılarının heç birində olmadığı üçün "qanuni" hesab olunur.
Bu molekulların bir çoxu indi "Yeni Psixoaktiv Maddələr" (YPM) siyahısının içindədir. Amma məsələ burasındadır ki, bu siyahıya “qara bazar”a düşən sintetik maddələr salındıqca, onların yerinə yeniləri gəlir. 2017-ci ildə EUDA 620-dən çox "Yeni Psixotrop Maddələri" izləyirdi. Bunlardan 169-u sintetik kannabinoidlər idi, hansı ki, 14 “kimyəvi ailə"yə bölünə bilirdi.
EUDA hesabatlarda göstərir ki, bu maddələrin kannabisin təsirlərinə bənzər təsirləri var, amma ağır zəhərlənməyə qədər mənfi reaksiya riskləri var.
HHC və ya Heksahidrokannabinol bədənimizdə necə fəaliyyət göstərir?
Sintetik kannabinoidlər laboratoriyada yaradılan maddələrdir ki, kannabis bitkisindən fərqli kimyəvi quruluşa malik olsalar da, insan bədənindəki eyni reseptorlarla təsir göstərmək üçün dizayn olunub. Ancaq sintetik kannabinoidlər bitkidən alınan kannabinoidlərlə ekvivalent deyil, çünki onlar bədəndə eyni təsir mexanizmlərini tətikləmirlər. Sintetik kannabinoidlər bitki mənşəli kannabinoidlərlə eyni reseptorlara bağlansalar da, endokannabinoid sisteminə fərqli təsir göstərir və sürətlə asılılıq yaradaraq çox fərqli effekt verirlər.
İtan Russonun dediyinə görə, “sintetik kannabinoidlər, THC-dən fərqli olaraq, tam CB1 reseptor agonistləridir. THC "zəif qismən agonist"dir. Bu nə deməkdir? Reseptorları kilid, kannabisi açar kimi düşünsək, çətənədəki THC orqanizmə zəif qismən aqonist təsir göstərir, çünki təbiidir. Çətənədəki THC orqanizmdə yaranan zəif qismən agonist olan Anandamid kimidir; halbuki sintetik kannabinoidlər reseptorlara son dərəcə güclü şəkildə bağlanır və buna görə də tam agonist təsiri göstərir”. Yəni təbii çətənə orqanizmin özündə yaranan kannabinoid-Anandamidə zəif oyadıcı təsir göstərir ki, bu da asılılıq yaratmır.

CBD ilə zənginləşdirilmiş çətənə çiçəklərinin satışı istifadə üçün qadağan olsa da, sintetik kannabinoidlər H3CBN, HPC və ya 10-OH adları ilə satışa çıxarılır. Adətən, bu süni kannabinoidlər tozları əritmək üçün aseton və ya metanol kimi maddələrdən istifadə edilərək istehsal olunur və sonra çətənə çiçəklərinə (tərkibində CBD olan) və ya onların teksturasını təqlid edən digər "bitki yarpaqlarına" çiləməklə, əvvəlcədən bükülmüş kannabis siqaretlərinin içliyində və ya yeməli məhsullarda tətbiq olunur. Çox vaxt onlar onları "qanuni kannabis" kimi təqdim etməyə çalışırlar, amma əslində onlar hətta kannabis hesab edilməməlidir.
Ümumiyyətlə, beynəlxalq təcrübə göstərir ki, narkotiklər qadağan edilirsə, alternativləri həmişə daha pis olur. Yəni alternativlər adətən köhnə, məlum narkotiklərdən daha öldürücdür. Məsələn, “Sackler” ailəsinin əczaçılıq şirkəti “Fentanil”ə alternativ kimi istehsal etdiyi opioid analgetik “Oxycontin” (Oxycodone) preparatının asılılıq yaratmadığını iddia etdi, amma tam əksinə oldu. Məlum oldu ki, “Oxycontin” nəninki asılılıq yaradır, üstəlik onun ücbatından ölümlər baş verir. Bu isə qalmaqal yaratdı və ABŞ-da böyük ictimai səhiyyə böhranına səbəb oldu. O vaxtdan bəri sintetik opioidlərdən bir milyondan çox ölüm hadisəsi baş verdi. Bu epidemiya 1990-cı illərin sonlarında başladı və ölümlərin 300-ü "Fentanil"in payına düşdü.
Hələ 2023-cü ildə "PUblico” nəşdir yazırdı ki, "aşırı dozadan ölüm üçün olan iki milliqram fentanil bəsdir, onun təsiri heroindən 50 dəfə, morfindən 100 dəfə güclüdür”.
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məlumatına görə, bu il bütün rekordlar qırılıb ki, bu da istifadəçilərin sayının artması ilə deyil, həmin opioidin dağıdıcı təsirləri ilə bağlıdır.
“Fentanil”dən sonra heroinlə eyni reseptorlara bağlanan güclü kimyəvi ağrıkəsicilər - nitazenlər gəldi ki, onlar daha da pis bir problemə çevrildi. 2025-ci il üçün Narkotik Hesabatında EUDA onun təhlükəliliyinə diqqət çəkərək, “Fentanil”dən daha güclü olduğunu iddia etdi.
Eyni şey 80-ci illərin ortalarında və 90-cı illərin əvvəllərində ortaya çıxan və bir çox narkotik asılılarının heroininə əvəz kimi qəbul etdiyi kokain - krek (kokain hidroxlorid) ilə də baş verdi.
İndi sintetik kannabinoidlərlə də eyni şey baş verir. Narkomanlar kannabisin psixotrop təsirini axtarırlar, onu tapmayanda isə qanuni bazarda oxşar məhsullar axtarırlar.
Əslində, bütün hallarda istifadəçilər taleyin ixtiyarına buraxılmış olurlar. Daha doğrusu, narkotik alverçilərinin ümidinə qalırlar. Bəzi ölkələrdə hakimiyyət orqanları çətənə yağı, çətənə toxumlarından alınmış unun satıldığı mağazalara baş çəkib bu məhsulları müsadirə edərkən, üstünə psixotrop maddələr püskürdlümüş saxta çətənə malları istifadəçilərin canını alır və meydan sulayır. Halbuki, CBD və ya çətənə toxumu yağı və unundan hazırlanmış məhsullardan heç bir ölüm hadisəsi qeydə alınmayıb. Təbii çətənə bitkisindən alınan məhsullarla yolu kəsişən insanlar yüksək risk və hətta ölümə səbəb ola biləcək məhsullarla qarşılaşırlar.
Bütün bu deyilənlərdən ortaya belə nəticə çıxır ki, bizdəki narkotik istifadəçiləri ilk marixuana istifadəsinə barmaqarası baxırlar, “bir dəfəylə heç nə olmaz” deyirlər. Amma onu gözə almaq lazımdır ki, hətta təbii marfixuana belə, heç də məsum deyil. Üstünə prixotrop maddələr çilənmiş, insanı bir istifadə ilə asılıya çevirən, zəhərlənməyə, ölümə yol açan marixuana ağır narkotikdir. Hansı ki, hazırda “qara bazar”dakı marixuana çoxdan bitki mənşəli mahiyyətini itirib və ondan qəti şəkildə uzaq durmaq lazımdır.
Unutmayaq, İrandan axan bitki şəklində çətənənin zərərsizliyi uydurmadır, o çoxdan yalançı nağıla dönüb.
Hazırladı: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az