Milyonlarla dollar, avro və qızıl üstündə mübahisə – Ukrayna-Macarıstan arasında gərginlik artır

Macarıstan paytaxtında baş verən insident Kiyev və Budapeşt arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib. Polis iki mikroavtobusu saxladıqdan sonra onların içində böyük məbləğdə nağd pul və qızıl aşkar edib. Hadisə iki ölkə arasında sərt diplomatik mübahisəyə səbəb olub.

Macarıstan hüquq-mühafizə orqanları bildirib ki, avtomobillərdə 40 milyon dollardan çox və 35 milyon avro nağd pul, həmçinin 9 kiloqram qızıl külçə tapılıb. Avtomobillərdə olan 7 Ukrayna vətəndaşı saxlanılıb. Onlar Avstriyadan Ukraynaya gedirmiş.

Macarıstan polisi əməliyyatın videosunu da yayımlayıb. Videoda silahlı polis əməkdaşlarının şübhəliləri yerə uzadaraq qandalladığı görünür.

Hadisə dərhal diplomatik qalmaqala çevrilib.Macarıstanın xarici işlər naziri Peter Szijjártó sosial şəbəkələrdə yazıb ki, Budapeşt Kiyevdən izahat tələb edir: “Macarıstan ərazisindən bu qədər böyük həcmdə nağd pulun daşınması ciddi suallar doğurur. Bunun Ukraynanın hərbi mafiyası ilə əlaqəsi olub-olmadığını araşdırmaq lazımdır”.

Buna cavab olaraq Ukraynanın xarici işlər naziri A. Sbiqa Macarıstanı sərt şəkildə ittiham edib: “Bu, girov götürmək və pul oğurlamaqdır. Bu, dövlət terroru və reketdir”.

Hadisə Macarıstanda seçkilər ərəfəsində baş verdiyinə görə siyasi kontekstdə də müzakirə olunur. Ölkənin Baş naziri Viktor Orbán və onun rəhbərlik etdiyi Fidesz Partiyası seçkilər öncəsi Ukraynanı tənqid edən ritorikanı gücləndirib.

Son sorğular göstərir ki, Orbanın partiyası əsas rəqibi – Péter Magyarın rəhbərlik etdiyi “Tisza Party” siyasi blokundan geri qalır. 12 aprel parlament seçkiləri ərəfəsində Ukrayna mövzusu seçki kampaniyasının əsas xəttinə çevrilib. Orban son illər tez-tez Ukraynanı tənqid edib və bəzi məsələlərdə Kremlin mövqeyinə yaxın çıxışları ilə tanınıb. Bu isə həm Kiyev, həm də Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaradıb.

Budapeşt və Kiyev arasında gərginliyin kökləri daha qədim dövrlərə gedib çıxır. Xüsusilə Zakarpattya Vilayətiində yaşayan etnik macarların hüquqları uzun müddətdir mübahisə mövzusudur.

İkinci Dünya müharibəsindən sonra Avropanın sərhədləri dəyişdirilərkən bu ərazi Sovet Ukraynasına daxil edilib. Hazırda bölgədə təxminən 150 min etnik macar yaşayır. Macarıstan hökuməti son illər xaricdə yaşayan etnik macarlara vətəndaşlıq verib. Bu isə Ukraynada narazılıq doğurub. Kiyev hesab edir ki, Budapeşt bu siyasətlə Ukraynanın daxili işlərinə təsir etməyə çalışır.

İki ölkə arasında mübahisələrin başqa bir səbəbi də enerji məsələsidir.

Macarıstan Rusiyadan ucuz neft idxalını davam etdirən azsaylı Avropa ölkələrindən biridir. Bu neft əsasən “Drujba” neft kəməri vasitəsilə daşınır. Kəmərin bir hissəsi bu ilin yanvarında zədələnib. Kiyev bunu Rusiya dronlarının hücumu ilə izah edir. Lakin Budapeşt və Bratislava Ukraynanı təmir işlərini ləngitməkdə ittiham edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə açıq şəkildə bildirib ki, kəmərin bərpası onun üçün prioritet deyil. Bununla belə, Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avroluq kredit paketinin bloklanmaması üçün kəmərin təmir edilə biləcəyini deyib.

Budapeştdə saxlanılan avtomobillərlə bağlı Kiyev fərqli izahat verib.

Ukraynanın dövlət bankı “Oschadbank” bildirib ki, pul və qızıl “Raiffeisen Bank” ilə bağlanmış beynəlxalq müqavilə çərçivəsində daşınırdı. Bankın açıqlamasına görə, Rusiya ilə müharibə başlayandan sonra xarici valyuta və bank metalları Ukraynaya yalnız quru yolu ilə daşınır və belə reyslər müntəzəm həyata keçirilir.

Macarıstan tərəfi isə bu versiyaya şübhə ilə yanaşır. Xarici işlər naziri Sijyarto bildirib ki, banklar arasında belə əməliyyatlar adətən elektron köçürmə ilə aparılır və bu qədər böyük məbləğin nağd şəkildə daşınması şübhəli görünür.

Hadisə Kiyevin sərt reaksiyasına səbəb olub. Ukrayna Xarici İşlər Nazirliyi hətta vətəndaşlarına Macarıstana səfər etməməyi tövsiyə edib.

Ukrayna rəsmiləri məsələ ilə bağlı Avropa İttifaqı qurumlarına da müraciət etdiklərini bildiriblər.Avropa Komissiyasının sözçüsü Olof Gill isə gərgin ritorikanın vəziyyəti daha da ağırlaşdırdığını bildirib: “Tərəflər arasında ritorikanın eskalasiyası müşahidə olunur. Bu cür açıqlamalar ümumi məqsədlərə nail olmağa kömək etmir”.

Beləliklə, milyonlarla dollar və qızılın tapılması ilə başlayan hadisə Macarıstan və Ukrayna arasında onsuz da gərgin olan münasibətləri yeni diplomatik böhran mərhələsinə gətirib çıxarıb./azpolitika.info