İspaniyanın ədliyyə naziri Feliks Bolanos sosial şəbəkələrdə türkiyəli atıcı Yusuf Dikeçə bənzədilməsi ilə bağlı paylaşıma zarafatla cavab verib.
"Türkiye" qəzeti xəbər verir ki, idmançı da naziri cavabsız qoymayıb və yazışma qısa müddətdə sosial mediada geniş yayılıb.
Paylaşımlardan birində istifadəçi Bolanos və Dikeçin şəkillərini yanaşı yerləşdirərək onların oxşarlığını göstərib. Bu paylaşım qısa müddətdə viral olub və minlərlə istifadəçi tərəfindən paylaşılıb.
Buna reaksiya verən Bolanos zarafatla: "Eyni adam olmadığımıza zəmanət verirəm. Kaş mən də onun qədər yaxşı nişan ala biləydim. Türk dostlarımıza böyük salamlar", - sözlərini yazıb.
Yusuf Dikeç isə cavabında "Düşünürəm ki, bizi eyni anda görmədikcə, buna inanmayacaqlar" ifadəsini işlədib. İdmançı paylaşımı həm türk, həm də ispan dillərində edib.
Nazir və idmançı arasında baş verən bu zarafatlı dialoq sosial şəbəkələrdə onminlərlə baxış toplayıb və istifadəçilər onların oxşarlığı barədə çoxsaylı şərhlər yazıblar./oxu.az
