İLK “BEŞLİK”DƏ YER ALAN CİNAYƏTLƏR... - Narkotik alveri, oğurluq, qəsdən adam öldürmə, quldurluq və dələduzluq halları sürətlə artır

Əlibaba Rzayev: “Nəzarət mexanizmləri işlənilməlidir ki, bu cür özbaşınalıqlara yol verilməsin…”

“…müstəntiq qanunsuz qərar verməkdən, prokuror qanunsuz ittiham aktını imzalamaqdan, məhkəmə qanunsuz ittihamları təsdiq etməkdən çəkinsin. Bununla bağlı dövlət siyasəti olmalıdır”    

Azərbaycanda məhbusların sayında ciddi artım müşahidə olunur. Bu, cəmiyyətdəki sabitliyin təhlükəsizliyi üçün “həyəcan siqnalı”dır. Dəfələrlə qeyd etdiyimiz kimi, cinayət statistikasında ilk yeri narkotiklə bağlı həbslər tutur. Amma oğurluq, qəsdən adam öldürmə, quldurluq, dələduzluq halları da paralel olaraq yüksəlməkdədir.

Oxucularımıza da məlum olduğu kimi, biz saytımızda narkotiklə əlaqədar həbs olunanların sayının artması, eləcə də oğurluq faktlarının çoxalması ilə bağlı dəfələrlə yazmış, ekspertlərin mövqeyini dərc etmişik. Bu dəfə “ilk beşlikdə” yer alan cinayət halları ilə bağlı tanınmış vəkil Əlibaba Rzayevin fikirlərini öyrənməyə çalışdıq. Buyurun, izləyin.

- Əlibaba müəllim, ölkənin kriminal statistikasında kəskin artım müşahidə olunur. Həbs olunanlar arasında narkotiklə bağlı məhbəs həyatı yaşayanlar ilk yerdə gəlsə də, oğurluq, qəsdən adam öldürmə, quldurluq və dələduzluq ittihamları ilə türməyə düşənlərin sayında da ciddi artım var. İlk öncə, məhbusların sayında artım tempinin nədən qaynaqlandığı haqda fikrinizi bilmək maraqlı olardı. Sizcə, bunun altında hansı səbəblər yatır? Burada iqtisadi səbəblərdən başqa, kriminogen vəziyyətin gərginləşməsi, hüquq pozuntuları və qanundakı boşluqların nə dərəcədə rolu var?

- İqtisadi amil oğurluq xarakterli cinayətlərdə ən vacib amillərdəndir. İqtisadi çətinliklərin olması ən vacib faktorlardan biridir. Amma bu qəbildən cinayətkarlığın artmasının digər səbəbləri də var. Səbəblər qanunlara riayət olunmaması ilə bağlıdır. Xüsusilə narkotiklə bağlı cinayətlər haqda bunu deyə bilərik. Keçən dəfə də sizinlə bu barədə söhbət etmişdik.

Bilirsiniz, biz praktikada çox rastlaşırıq ki, ümumiyyətlə narkotiklərlə əlaqəsi olmayan insanlara qarşı əsassız olaraq ittihamlar irəli sürülür. Bu, sayın artmasının əsas səbəblərindən biridir. Praktikada bu hallarla çox rastlaşırıq. Narkotikə heç bir dəxli olmayan insanları başqa səbəblərdən, qərəzli münasibətə görə, başqa niyyətlərlə şərləyib həbs edirlər. Çox təəssüflər olsun ki, məhkəmələrdə də əslində bunun şər-böhtan, əsassız olduğu sübut edildiyi halda belə, hakimlər qanunauyğun qərarlar qəbul etmir. Əslində belə hallarda bəraət hökmü çıxarılmalıdır. Mən çox nadir hallarda bu kimi hallarda bəraət hökmünün çıxarılmasına rast gəlirəm.

Əvvəlki zamanlarla müqayisədə narkotiklərlə bağlı açılmış cinayət işlərinin sayı artıb. Amma bu da yetərli deyil. Əsassız ittihamların sayı o qədər çoxdur ki, bəraət hökmləri ilə müqayisədə heç nədir. Bax, bu da var. Yəni qanunlara düzgün əməl olunmaması, insanların xüsusilə narkotiklə bağlı əsassız olaraq tamamilə başqa niyyətlərlə qərəzli şərlənməsi halları çox olduğuna görə, təbii ki, cinayətlərin sayının artmasına səbəb olur.

- Siz narkotiklə bağlı cinayət statistikasına toxundunuz. Bəs oğurluq, qəsdən adam öldürmə, quldurluq ittihamları ilə bağlı cinayət statistikasının artımına dair nə deyə bilərsiniz? Burada da günahsız yerə şərlənib tutulmalar var, yoxsa necə?

- Oğurluq hadisələrində daha çox var. Quldurluq elə şeydir ki, burada cinayət kifayət qədər sübutlar olmalıdır, əsaslandırılmalıdır. Burada sübutlar əsaslı şəkildə təqdim olunur. Orada qismən müəyyən pozuntular ola bilər. Amma oğurluq cinayətləri ilə bağlı mən praktikamda çox rastlaşmışam ki, ümumiyyətlə açılmamış oğurluq cinayətləri bağlı qalmasın, açılsın deyə kimlərinsə üstünə yıxmaqla istintaq orqanı, təhqiqat orqanı bu problemdən yaxalarını qurtarmağa çalışırlar. Praktikamda bu hallarla çox rastlaşmışam. Məsələn, bir hadisəni misal çəkə bilərəm ki, şəxs konkret olaraq oğurluq törədib, boynuna alıb, buna görə cəzasını da alıb. Amma onunla paralel olaraq başqa açılmamış oğurluq cinayətlərini hansısa vədlərlə onun üstünə qoyublar. Deyiblər ki, sən bu cinayətləri də öz üstünə götür, biz çalışarıq sənə yüngül cəza verilməsinə nail olaq. Şəxs də açılmamış oğurluq cinayətlərini öz üstünə götürməyə məcbur olub. Belə faktlarla rastlaşmışam. Və yaxud da şəxs heç bir oğurluq cinayəti törətməyib, hansı səbəbdənsə yaxalanıb, imkan yaranan kimi açılmamış cinayətləri də o adamların üzərinə qoyub, əsassız ittihamlar irəli sürüblər. Yəni belə faktlarla da çox rastlaşmışam.

- Bəs qəsdən adam öldürmə hallarının çoxalması barədə nə deyə bilərsiniz?

- Qəsdən adam öldürmə hallarının səbəbi müxtəlif ola bilər – iqtisadi də, psixoloji də. Bunu birmənalı ifadə etmək mümkün deyil ki, konkret hansı səbəblərdir.

- Sizcə, burada hüquq pozuntuları və qanundakı boşluqlar nə qədər rol oynayır?

- Əslində razılaşırıq ki, qanunda müəyyən hallarda boşluqlar olur. Ümumi götürəndə, qanunda elə də ciddi boşluqlar yoxdur. Amma icraatımda olan bir işi misal çəkə bilərəm. Söhbət Tovuz rayonunda baş vermiş 11 yaşlı Nərminin qətlindən gedir. Mən qətldə ittiham olunan İlkin Süleymanov barədə danışıram. İlkin Süleymanov 4-5 maddə ilə - qəsdən adam öldürmə - 120.4, 120.6, 120.9 və eləcə də adam oğurluğu ilə təqsirləndirilir. Amma onun bu işdə təqsirləndirilməsinə dair ortada bir dənə də olsun sübut yoxdur. Ondan işgəncə altında etirafedici ifadə alıblar ki, guya, bu işi mən törətmişəm. Lakin işdə olan sübutlar, sənədlər göstərir ki, ümumiyyətlə, bu adamın həmin cinayətlə heç bir əlaqəsi yoxdur. Və dəfələrlə deyirəm, şəxsin etirafedici ifadə verməsi hələ doğrudan da cinayətin birmənalı onun tərəfindən törədildiyini deməyə əsas vermir, o, müxtəlif səbəblərdən cinayəti öz üzərinə götürə bilər – işgəncə altında bunu edə bilər, digər səbəblərdən cinayətin özü tərəfindən törədildiyini deyə bilər. Amma qanunvericilik onu tələb edir ki, onun ifadəsinin doğrudan da həqiqətə uyğun olub-olmamasını təsdiq etmək üçün sübutlar olmalıdır. Mən hələ ibtidai istintaq dövründə də dəfələrlə məsələ ortaya qoyurdum ki, axı, sizin əlinizdə bu cinayətin doğrudan da İlkin tərəfindən törədildiyinə dair başqa bir mötəbər sübutunuz yoxdur. İlkin dünən deyirdi ki, mən törətmişəm, bu gün deyir ki, törətməmişəm. Dünən işgəncə altında idi, bu gün sərbəstdir, deyir ki, mən törətməmişəm. İki ifadəsi var, birində deyilir ki, mən törətmişəm, o birində deyilir ki, mən törətməmişəm. İndi siz bunun hansını əsas götürəcəksiniz ki, o, bunu törədib? Axı, törətdiyini əsas götürmək üçün əlinizdə əlavə sübutlar olmalıdır. Bir dənə də olsun sübut yoxdur.

İndi qəsdən adamöldürmə cinayətini qeyd etdiniz. Mən ona görə bunu xatırlatdım ki, artıq beşinci ildir o adam qanunsuz olaraq həbsxanada yatır. Bir dənə sübut olmadığı halda 4-5 maddə ilə, xüsusilə ağır cinayət hadisəsində ittiham edilir və 4 il yarımdır ki, həbsdədir. Hələ də məhkəmə prosesi davam edir. İndi həmin iş apellyasiya mərhələsindədir. Həmin hökmdən apellyasiya şikayəti vermişik. Apellyasiya bu ayın sonunda qərar verəcək.

Yəni bu cür özbaşınalıqların, qanunsuzluqların şahidi oluruq. Cinayət törətməyən bir şəxsin boynuna qoyublar ki, sən qəsdən adam – körpə bir uşağı öldürmüsən. Bilirisnizmi, burada əslində nə boyda cinayət var… Burada həm İlkin Süleymanovun özünə qarşı cinayət var, həm də 11 yaşlı körpənin qatilinin ört-basdır edilməsi var. Qatilin ört-basdır edilməsi özü də cinayət hadisəsidir. Yəni sən cinayət hadisəsini gizlədirsənsə, bunun özü də cinayət hadisəsidir. Bu cinayəti törətməkdə təqsiri olmayan şəxsi cinayət məsuliyyətinə cəlb edirsən, bu özü də cinayət hadisəsidir. Təəssüflər olsun ki, biz bu qəbildən hallarla da qarşılaşırıq. Siz səbəblər deyirsiniz, bu səpgidə qanunsuz ittihamlar çoxdur.

- Bəs indiki qanunlar bu kimi halların qarşısını ala bilmirsə, necə tədbir görmək lazımdır? Qanuna düzəlişlər etmək lazımdır?

- Yox, əslində qanun var. Qanun demir ki, sən sübutsuz-filansız kiminsə barəsində cinayət işi aça bilərsən. Qanun deyir ki, cinayət varsa sən onu sübut etməlisən. Sübutetmə yükü də düşür ittihamçı tərəfin - müstəntiqin, prokurorun üzərinə. Yəni qanun əslində var, qanun demir ki, sən əsassız olaraq kimisə ittiham edə bilərsən. Qanun demir ki, sən sübutlar olmadan ittiham irəli sür. Qanun deyir ki, sübutlar kifayətedici qədər olmalıdır. Qanun deyir ki, hətta şəxsin təqsirli olmasıyla bağlı şübhəli məsələlər varsa, o şübhələr təqsirli şəxsin xeyrinə yozulmalıdır. Əlsində qanunvericilik bu məsələlərin hamsını tənzimləyir. Sübutlar olmalıdır və kifayətedici sayda olmalıdır. Elə sayda olmalıdır ki, orada heç bir şübhə yeri qalmasın. Bir qədər şübhə yeri varsa belə, həmin şübhə də təqsirləndirilən şəxsin xeyrinə yozulmalıdır. Yəni qanun bunların hamsını açıq şəkildə tənzimləyir, sadəcə olaraq bu işin başında dayanan insanların özünün məsələyə yanaşmasında problem var.

- Bu kimi hallardan çıxış yollarını necə görürsünüz? Hansı addımlar atıla, hansı tədbirlər görülə bilər?

- Belə hallara çox ciddi yanaşılmalıdır. Xüsusi olaraq bu kimi məsələlər dövlət səviyyəsində həll olunmalıdır ki, bu cür özbaşınalıqların qarşısı alınsın. Yəni mən praktikada rast gəlməmişəm ki, hansısa bir müstəntiqi qanunsuz cinayət işi açmağa görə məsuliyyətə cəlb etsinlər. Hansısa bir prokuroru qanunsuz ittiham aktını təsdiq etdiyinə görə məsuliyyətə cəlb etsinlər. Hansısa hakimi qanunsuz hökm çıxardığına görə məsuliyyətə cəlb etsinlər. Mən bunlara rast gəlməmişəm. Amma bu hallar var. Yüzlərlə belə faktlar var, sadəcə, cəza mexanizmləri işləmir.

Cinayət qanunvericiliyində qanunsuz hökm, qanunsuz qərar, qanunsuz qətnamə çıxarmağa görə də cinayət məsuliyyəti var. Yəni cinayət qanunvericiliyi bu məsələlərin hamısını kifayət qədər tənzimləyir. Sadəcə olaraq bununla bağlı bir dövlət siyasəti olmalıdır ki, dövlətin özünün xüsusi nəzarəti olsun. Nəzarət mexanizmləri işlənilməlidir ki, bu cür özbaşınalıqlara yol verilməsin, müstəntiq qanunsuz qərar verməkdən, prokuror qanunsuz ittiham aktını imzalamaqdan, məhkəmə qanunsuz ittihamları təsdiq etməkdən çəkinsin. Bununla bağlı dövlət siyasəti olmalıdır.    

- Bəs 234, 177, 178, 120 və 181-ci maddələrlə (narkotik alveri, oğurluq, qəsdən adam öldürmə, quldurluq və dələduzluq-red.) bağlı cinayət faktlarının bizim kimi ölkədə önə çıxması nə qədər normal haldır və bu statistik ardıcıllıq yalnız Azərbaycanda belədir, yoxsa başqa ölkələrdə də oxşar vəziyyət var?

- Düzü, digər ölkələrin statsitikasını bilmirəm, amma güman etmirəm ki, digər ölkələrdə bu sahədə vəziyyət belə gərgin, acınacaqlı vəziyyət olsun. Görürsünüz, əsasən narkotik, dələduzluq, oğurluq irəli çıxır. Bunların təməlində əsasən işsizlik, ailə-məişət zəminində münaqişələrin baş verməsi durur. Çünki ailədə işsizlik, dolanışıq yox, problemlər yaranır, bu da boşanmalara gətirib çıxarır. Bilirsiniz nə qədər boşanma hadisələri var… Boşanma hadisələrinin əsas səbəblərindən biri məhz iqtisadi problemlə, işsizliklə bağlıdır. İşsizlik, maddi problemlər ailədə sıxıntılara, münaqişələrə gətirib çıxarır. Nəticə etibarilə ziyan çəkən o yazıq körpələr, uşaqlardır. Ona görə, bu məsələlərlə bağlı dövlət siyasəti olmalıdır. Dövlət proqramı hazırlanmalıdır. Yəni təkcə hansısa müstəntiqi cəzalandır, hansısa prokuroru cəzalandır, bununla məsələ bitməyəcək.

- Sadalanan maddələrlə bağlı cinayətlərin statsistik göstəriciləri vahiməlidir. Oğruluğun səbəbinin iqtisadi amillə bağlı olması başadüşüləndir. Bəs, qəsdən adam öldürmə və quldurluq niyə artır?

- Əslində, elə digər cinayətlərin də ana səbəbi iqtisadidir. Amma digər səbəblər də ola bilər. Onu konkret cinayət işi ilə tanışlıqdan sonra müəyyən etmək olar. Ümumiyyətlə, səbəbləri çoxdur. Hesab edirəm ki, quldurluğun da təməlində iqtisadi səbəb yatır. Quldurluq nədir, silahla kiminsə əmlakını mənimsəyirlər. Yenə gəlib iqtisadi məzmuna dayanır.

Söhbətləşdi: Asya ŞÜKÜROVA

Stopnarkotik.az