ABŞ Meksika narkokartellərinə hər il 500 min qaçaqmal silah "axıdır" - “New York Times”/VİDEO

Meksika hökumətinin hesablamalarına görə, ABŞ-dan Meksikaya hər il 500.000-ə qədər silah qaçaqmalçılıq yolu ilə gətirilir. Bu barədə “New York Times” yazır.

Nəşrə bu barədə danışan qanunsuz silahlarla mübarizədə ixtisaslaşmış sabiq ATF agenti Kristofer Demlein bu rəqəmin ildə bir milyon silaha çata biləcəyini təxmin edir.

Trampın Meksikaya cəza tarifləri tətbiq etmək təhdidləri və ABŞ-ın sərhədin cənubundakı hərbi hücumları ilə Meksika hökuməti narkotik kartellərinə qarşı mübarizəyə başlayıb, kütləvi həbslər, narkotik müsadirələri və narkotik laboratoriyalarına basqınlar həyata keçirib, eləcə də onlarla yüksək vəzifəli narkotik qaçaqmalçısını ABŞ-a təhvil verib.

Son illərdə mütəşəkkil cinayətkarlığa qarşı ən əhəmiyyətli əməliyyatlardan birində Meksika qüvvələri ötən ay “Sinaloa” kartelinin əsas rəqibi olan “Xalisko Yeni Nəsil karteli”nin lideri El Menço kimi tanınan Ruben Osequera Servantesi öldürüb. Hakimiyyət orqanları əməliyyatı cinayətkarlığa qarşı tədbirlərin artırılmasının sübutu kimi təqdim ediblər. Lakin Tramp Meksika daxilində kartellərə qarşı öz kampaniyasını aparacağını anons edib və ölkəni "kartel zorakılığının mərkəzi" adlandırıb.

Meksika prezidenti Klaudiya Şeynbaum isə hər hansı bir hərbi müdaxiləsini rədd edib və bildirib ki, Amerika silahlarının ölkəni doldurması və xaosu alovlandırmasının qarşısını almaq üçün ABŞ sərhədin öz tərəfində daha aktiv olmalıdır.

ABŞ rəsmiləri və ekspertlərinin fikrincə, ABŞ sərhəd nəzarəti əsasən yüklərin ixracını izləmək üçün deyil, narkotik və silah kimi təhdidlərin daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Lakin, 2020-ci ildə ABŞ hökuməti ABŞ-dan Meksikaya qanunsuz silah qaçaqmalçılığının qarşısını almaq üçün federal işçi qrupu yaratdı. “Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosu”nun məlumatına görə, son 14 ayda Meksikaya göndərilən 4300-dən çox odlu silah müsadirə edilib, bu, hər il sərhəddən keçdiyi təxmin edilən yüz minlərlə silahın kiçik qismidir.

2021-ci ildə Meksika ABŞ-ın əsas silah istehsalçılarını kartel tərəfindən dəstəklənən zorakılığı alovlandırmaqda ittiham edərək məhkəməyə verdi, lakin Ali Məhkəmə keçən il iddianı rədd etdi.

Meksikanın təhlükəsizlik naziri, ölkənin narkotik kartellərini zəiflətmək vəzifəsi daşıyan Omar Harfuç "The New York Times" qəzetinə verdiyi açıqlamada bildirib ki, amerikalı həmkarlarına silah mağazalarında satılmayan silahların mənbələrini və təchizatçılarını araşdırmaq üçün təzyiq göstərib. O bildirib ki, Meksikanın müsadirə etdiyi silahların təxminən 80 faizi ABŞ-dan gəlir. Harfuç həm “Sinaloa Karteli”nin, həm də onun rəqibi olan “Xalisko Yeni Nəsil Karteli”nin getdikcə daha çox raketlə işləyən qumbaralar, pulemyotlar və hücum tüfəngləri kimi silahlarla silahlandığını bildirib.

"Biz burada məhz bununla məşğuluq. Əgər bu silahları əldə etmək onlar üçün daha çətin olsaydı, bu, mütləq fərqli bir mübarizə olardı", deyən Harfuç eyham vurub ki, ABŞ narkokartellərə silahın axmasının qarşısını almır.

Hətta qanunsuz silah qaçaqmalçılığı əməliyyatıında saxlanılan 28 yaşlı silahlı şəxs, İsmael "El Mayo" Zambada Qarsia ilə əlaqəli olan Mayitos adlı Sinaloa Kartel fraksiyasında işlədiyini iddia edir.

Təxminən on ildir ki, bu əməliyyatçı silah qaçaqmalçılığı zəncirindədir-o, silahların yaxşı işlək vəziyyətdə olmasını təmin edir. Silahları qəbul edir, təmizləyir, dəyişdirir və ştat üzrə yenidən paylayır, kartel leytenantlarına və hücrə başçılarına çatdırır. Şəxs iddia edir ki, bir vaxtlar ara-sıra gələn göndərişlər indi hər iki həftədən bir baş verir və bir anda yüzlərlə odlu silah gəlir. O deyir ki, cəmi bir həftə əvvəl, təxminən 1500 silah daşıyan təyyarəni boşaltmaq üçün partnyoru ilə birlikdə Sinaloanın paytaxtı Kuliakandan təxminən bir saat cənubda yerləşən ucqar bir uçuş-enmə zolağına gedib.

Tramp administrasiyasının təzyiqi altında Meksika Milli Qvardiya və digər ordu növlərindən minlərlə hərbi qulluqçunu Sinaloaya yerləşdirdi və ölkə daxilində avtomobil yollarının yoxlama məntəqələrini artırdı ki, bu da bəzi narkotik qaçaqmalçıları üçün yolları daha təhlükəli etdi. Narkotkartelin silahdarı deyir ki, qaçaqmalçılıq hücrəsi getdikcə narkoticarət üçün silah təminatından ötrü şəxsi təyyarələrdən və uçuş-eniş zolaqlarından istifadə edir.

Stopnarkotik.az