NARKOTİK, XULİQANLIQ VƏ ADAM DÖYMƏ... – İcra başçısının qohumuna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq etməkdə tanışına xəsarət yetirməkdə təqsirləndirilən İsa Əzizovun cinayət işi üzrə məhkəmə iclasında hökm oxunub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən məhkəmə İsa Əzizovun əməli törədərkən anlaqsız vəziyyətdə olmasını əsas gətirərək, onun ümumi tipli psixoterapiya xəstəxanasında məcburi şəkildə müalicəyə cəlb olunması barədə qərar elan edib.

Xatırladaq ki, İsa Əzizov 2025-ci ilin sentyabrında "Sea Breeze" istirahət mərkəzində xuliqanlıq etməkdə təqsirləndirilir. Onun barəsində ilkin olaraq cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılsa da, ibtidai istintaq dövrünün sonrakı mərhələsində onun əməlləri cinayət məcəlləsinin 126.2.1 (sağlamlığa qəsdən zərər vurma) və 234.1 (satış məqsədi olmadan narkotik maddələrin saxlanılması) maddələri ilə qiymətləndirilərək, tövsif olunub.

Qeyd edək ki, İsa Əzizov bir neçə il əvvəl Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüyünə görə də barəsində cinayət işi açılaraq həbs olunmuşdu.

Azadlığa çıxdıqdan sonra İsa Əzizov 2019-cu ildə yenidən Bakının mərkəzində baş verən silahlı atışmada iştirak etdiyinə görə məsuliyyətə cəlb edilib. Həmin vaxt o, polisə tabe olmağa çağıran əməliyyatçılara bıçaqla hədə-qorxu gəlibmiş.

Xatırladaq ki, İsa Əzizovun prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin yaxın qohumu olduğu bildirilir.