Fevralın 3-də Bakı Əyləncə Mərkəzinin yanında yerləşən ödənişli parklanma ərazisində naməlum şəxs avtomobillərin qapısının açıq olub-olmamasını yoxlayıb.
Bu barədə sakinlər məlumat verib.
Bildirilib ki, sözügedən hadisə axşam saat 22:00-da baş verib və "Tesla" markalı avtomobilin özünü müdafiə sistemi tərəfindən kənardan müdaxilə zamanı işə düşərək daxili kameraları vasitəsilə qeydə alınıb.
Sakinlərin sözlərinə görə, bu yanaşma soyğunçuluğa cəhddir:
"Ərazidə çox sayda avtomobil dayanır, təhlükəsizlik kameraları və nəzarətçilərin olmasına baxmayaraq şəxsin bu cəhdi biz vətəndaşları ciddi narahat etdi. Bunu ərazidəki nəzarətçilərə bildirsək də, sadəcə şəxsi tanımadıqlarını vurğuladılar", - onlar qeyd edib.
Hadisənin görüntülərini təqdim edirik:
Sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov açıqlamasında qeyd edib ki, görüntülərlə bağlı araşdırma aparılır.
"Polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir".