Millət vəkili Pərvanə Vəliyeva: “Bu, tam sağalmış, artıq asılılığı olmayan şəxslərin ailə qurmaq hüququna mane olmamalıdır”
Müasir dövrün əsas problemlərindən biri ailə institutunun zəifləməsidir. Bu, bizim ölkəmiz üçün də keçərlidir. Hətta bizim toplumda “ailə institutu laxlayıb” desək, daha çox yerinə düşər.
Şübhəsiz, ailə institutunu alt-üst edən amillərdən biri narkomaniyanın geniş yayılmasıdır. Doğrudur, dövlətimiz narkotik ticarətinə və narkomaniyaya qarşı ardıcıl və prinsipial mübarizəni davam etdirir. Amma cəmiyyətimizə narkomaniyanın vurmuş olduğu zərər danılmazdır.
Yuxarıda da qeyd etdiymiz kimi, bütün bunlar yalnız bizim ölkə üçün xarakterik deyil. Demək olar ki, bütün dünya dövlətlərində oxşar vəziyyət hökm sürür. Elə dövlətlər var ki, bu problemin qarşısını vaxtında ala bilir, əksər ölkələrdə isə durum get-gedə daha da ağırlaşır.
Məsələn, narkomaniyanın geniş yayıldığı ölkələrdən biri olan qardaş Türkiyə artıq məsələlərə fərqli prizmadan yanaşır. Elə oradakı ailələr də narkotiklərin vurduğu zərərin qarşısını almaqda qabaqlayıcı tədbir kimi, yeni evlənən cütlüklərin narkotik testi tələbini praktiki addım kimi tətbiq edirlər. Misal üçün qeyd edək ki, təxminən bir həftə öncə qardaş ölkənin Adana şəhərində elçiliyə gedən ailədən bəy namizədin narkotik testindən keçməsi tələb olunub.
Nəzərə alsaq ki, Türkiyə ilə Azərbaycan “iki dövlət, bir millət”dir, deməli, bizim ölkədə də analoji vəziyyət yaşana bilər. Doğrudur, Azərbaycanda evlənməyə hazırlaşan cütlüklərə tibbi yoxlamadan keçmə və sağlamlıq arayışı tələbi qanunda mövcuddur. Bəs, cütlüklərə narkotik testi tələbi də qanunda əksini tapmalıdırmı? Bu və digər suallara millət vəkili Pərvanə Vəliyeva ilə söhbətimizdə cavab tapmağa çalışdıq.
Pərvanə xanım deyir ki, Azərbaycan qanunları həm fərdlərin, həm də cəmiyyətin hüquqlarını qorumaq prinsipinə əsaslanır: “Eyni zamanda, bu müayinəni nigah müayinələrinə daxil etməklə, cəmiyyəti də qorumuş olarıq”.
Millət vəkili deyir ki, sağlamlıq arayışının tərkibinə narkotik testinin daxil olması müsbət addım olar: “Nigaha daxil olduqda İİV/QİÇS, viruslu hepatitlər, talessemiya kimi xəstəliklər üzrə müayinələr tələb olunur. Lakin narko-test bu siyahıya daxil deyil. Əslində, sağlamlıq arayışının tərkibinə bu testi də əlavə etmək doğru olardı.
Dövlət qulluğuna işə qəbul zamanı və bir sıra iş yerlərində adətən narkoloji mərkəzdən arayış da tələb olunur. Bu praktika var. Ona görə də, mövzunun aktuallığı nəzərə alınaraq, bu müayinənin də məcburi müayinələr siyahısına daxil edilməsi gələcəkdə sağlam ailələrin qurulması baxımından faydalı olardı”.
Pərvanə Vəliyevanin fikrinci, bir şərtlə ki, bu, artıq asılılığı olmayan şəxslərin ailə qurmaq hüququna mane olmasın: “Bu, tam sağalmış, artıq asılılığı olmayan şəxslərin ailə qurmaq hüququna mane olmamalıdır. Əksinə, sağalmış şəxslərin cəmiyyətə reinteqrasiyasını dəstəkləyən addımlar atılmalıdır”.
Millət vəkili onu da qeyd etdi ki, işlə təmin olunmadan öncə, bu şəxslər beynəlxalq normalara uyğun müddətdə reabilitasiya keçməlidir. Onun fikrincə, tibb müəssisəsində de-toksikasiya tamamlandıqdan sonra, psixoloji dəstəyin də daxil olduğu reabilitasiya keçilməlidir: “Ancaq tam sağalandan sonra onlar cəmiyyətə reinteqrasiya oluna bilər. Bu işdə qeyri-hökumət təşkilatları, media, onların ailələri aktiv işləməlidir. Yəni cəmiyyətə mesajımız bu olmalıdır ki, sağalmış şəxslərə ikinci bir şans verilməlidir”.
Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az