Həbsdə ölən qazi ilə bağlı ədliyyə mayoru cəzalandırıldı

Bu ilin fevral ayında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyanda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində məhkum Sübhan Ağayevin ölümü ilə əlaqədar barəsində cinayət işi açılmış vəzifəli şəxsə hökm oxunub.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbərt verir ki, oğurluq əməlinə görə 3 il 6 ay həbsə məhkum edilən S.Ağayevə qarşı qanunazidd əməllərə yol vermiş cəzaçəkmə müəssisəsinin baş inspektoru, ədliyyə mayoru Hümbət Məmmədov Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, H.Məmmədov 5 saylı cəzaçəkmə müəssisəsinin baş inspektoru (müəssisə rəisinin növbətçi köməkçisi) vəzifəsində işləməklə məhkumlara nəzarət edib. 25 fevral 2023-cü il tarixində S.Ağayev 3 saylı İstintaq Təcridxanasından 5 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb və karantinə alınıb. 27 fevralda istehsalat və yaşayış sahələrində axtarışların keçirilməsi barədə aylıq cədvələ uyğun olaraq karantin binasına baxış keçirilən zaman S.Ağayevin üzərinə natamam axtarış, şəxsi əşyalarına baxış keçirilib. Bu zaman məhkum axtarışa kəskin etiraz edib, özünü və şəxsi əşyalarını yoxlayıcıya təqdim etməkdən imtina edib. Elə həmin gün onun barəsində 5 gün müddətində “cərimə təcridxanasına keçirmək” haqqında tənbeh tədbiri görülüb. Həmçinin ona əl qandalı tətbiq edilib. S.Ağayevin özünü təkrar aqressiv apararaq hər iki ayağını döşəməyə, çarpayıya, divara vurmağa, eləcə də, çarpayının ikinci mərtəbəsinə çıxmağa, əlinə vurulan qandalı möhkəm dartıb qırmağa cəhd göstərməklə çılğınlıq etməsi, özünə xəsarətlər yetirməsi səbəbindən Sübhan Ağayevin həmin davranışının qarşısını başqa vasitə ilə aradan qaldırmaq mümkün olmadığı üçün onun özünə xəsarət yetirməsinin qarşısını almaq məqsədilə son zərurət halı kimi bilavasitə tabe olduğu cəzaçəkmə müəssisəsinin rəisinin əməliyyat-rejim işləri üzrə müavininin göstərişinə əsasən S.Ağayevin hər iki əlinə ön tərəfdən vurulan əl qandalı digər əl qandalı ilə çarpayının dəmir başlığına birləşdirilib. Bu zaman onun ayaqlarına da əl qandalı vurub 1 saata yaxın saxlanılıb.

İttiham aktında qeyd edilib ki, H.Məmmədov qanunsuz şəkildə növbəti günə kimi S.Ağayevi əlləri qandallı şəkildə çarpayıya bağlı şəkildə saxlayıb, həmçinin məhbusun ayaqları da qandalla bağlanıb. Beləliklə baş inspektor 27-28 fevral tarixlərində Sübhan Ağayevi hər iki əlinə vurulmuş əl qandalını onun dəmir çarpayının başlığına digər əl qandalı ilə birləşdirilmiş vəziyyətdə qanunsuz saxlayıb, sonuncunun ləyaqətinin təhqir olunmasına gətirib çıxaran, onun qidalanmasını, təbii ehtiyaclarını ödəməsini, sərbəst hərəkət etməsini məhdudlaşdıraraq Sübhan Ağayevin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərini aşıb.

S.Ağayev bu il fevralın 28-də Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində vəfat edib. Bundan sonra müəssisənin vəzifəli şəxsləri barəsində cinayət işi açılıb.

Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 27 mart 2023-cü il tarixli rəyinə əsasən meyitdə aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən, ölümünün bilavasitə səbəbi toksiki hepatit, toksiki miokardit, ağciyər ödəmi, baş beyin ödəmi, kəskin qaraciyər çatışmazılığı fonunda neyrosilkulyator və ürək-ağciyər, funksiyalarının pozulması ilə əlaqədar kəskin ağciyər-ürək çatışmazlığı olub. 

Salyan Rayon Məhkəməsi baş inspektoru Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilərək ona 2 min manat cərimə cəzası təyin edib.

Xatırladaq ki, aprel ayında Baş Prokurorluqdan bildirilmişdi ki, faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.