Fransa səfiri bu ölkədən qovuldu - ALİ MƏHKƏMƏNİN QƏRARI İLƏ

Nigerin Ali Məhkəməsi Fransa səfiri Silven İtteni diplomatik toxunulmazlıqdan məhrum edib və onun ölkədən qovulmasını təsdiqləyib.

Bu barədə sentyabrın 2-də “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müvafiq qərar Fransa Prezidenti Emmanuel Makronun ötən həftə üsyançıların tələbi ilə səfiri geri çağırmaqdan imtina etməsi ilə əlaqədar həyata keçirilib. Bundan sonra diplomata ultimatum irəli sürülüb, sənədə əsasən səfir avqustun 28-dək ölkəni tərk etməli idi. Ancaq Fransa vaxt İtteni geri çağırmayıb.

Xatırladaq ki, avqustun 25-də qiyamçılar Fransanın Niameydəki səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər. Yeni hökumətin nümayəndələri bildiriblər ki, bu qərarın səbəblərindən biri Fransa hakimiyyətinin Nigerin maraqlarına zidd hərəkətləri olub. Fransa Xarici İşlər Nazirliyi üsyançıların səfirlə bağlı tələbini rədd edib.

Avqustun 12-də Fransa hərbi bazasının yaxınlığında Niger sakinlərinin genişmiqyaslı etiraz aksiyası keçirilib. Yerli sakinlər Fransanın öz dövlətlərinin daxili işlərinə qarışması ilə razılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, Fransa hərbçiləri Tillaberidə Afrika ölkəsinin hava məkanını pozaraq Prezident Qvardiyasının qırıcılarına hücum edib.