Bakıda fəhlə vəfat etmiş valideynlərini söydüyünə görə tələbəni qətlə yetirib.
Belə ki, Vüqar (Adlar şərtidir) hərbi xidməti bitirib rayona, valideynlərinin yanına gedir. O, ard-arda hər iki valideynini itirdikdən sonra Bakıya gəlib kirayə ev tutur, müxtəlif tikintilərdə fəhlə olaraq çalışmağa başlayır.
Universitetlərdən birində oxuyan və imtahana hazırlaşan Kamal və Yunis isə valideynlərinin onlara göndərdiyi pulla tələbəlik həyatlarını öz bildikləri kimi yaşayırdılar. Hadisə baş verən gün onlar kafelərin birində spirtli içki qəbul edirlər. Yunis imtahandan bezdiyini, cavanlığını yaşamaq istədiyini deyir, Kamal da onun fikrini dəstəkləyir.
Həmin gün Vüqar işini bitirib kirayə qaldığı mənzilə yollanır. Evin həyətinə girəndə içkili şəkildə oturan Kamal və Yunisi görür. Yunis ona baxıb aşağılayıcı şəkildə gülümsəyir. Vüqar onlara salam vermədən öz otağına gedir.
Daha sonra Yunis divanda uzanıb televizora baxır, Kamal isə dərsləri ilə məşğul olur. Yunis yarıiçkili halda ayağa qalxıb televizoru söndürür, maqnitafonu işə salır. Sonra Kamalı da yüksək səsli musiqi sədaları altında rəqs etməyə vadar edən Yunis həyətdən səs gəldiyini eşidir. Həyətdə oturan Vüqar musiqinin onu narahat etdiyini deyir. Yunis isə ona əhəmiyyət vermir.
Bu vaxt Vüqar onların yaşadığı mənzilə daxil olur və musiqinin səsini kəsmələrini xahiş edir. Kamal onunla razılaşsa da, Yunis Vüqara “Ağıllı ol” deyir. Vüqar Yunisin sinəsinə yumruq vuraraq, onu itələyir. O isə bundan əsəbiləşərək, Vüqarın vəfat etmiş valideynlərini söyür və ona hücum edir.
Valideynlərinin təhqir edilməsini qəbul edə bilməyən Vüqar yastığının altındakı bıçağı götürərək, Kamal və Yunisin yanına gedir. Yunis ürək nahiyəsinə ard-arda vurulan bıçaq zərbələrindən yerindəcə həyatını itirir. Vüqar isə hadisə yerindən qaçır.
Daha ətraflı Baku TV-nin süjetində: