Dünən günorta saatlarında Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatını istehsalçısı məlum olub.
Aparat ABŞ şirkəti "Micro Aerial Projects" tərəfindən hazırlanıb.
Şirkətin rəsmi səhifəsində sözügedən PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir.
Hərbi ekspert Ramil Məmmədli "Xəzər Xəbər"ə deyib ki, Ermənistanın bu addımı ölkə ordusunun hansı səviyyədə olduğunu sübut edir. Mülki və elmi təyinatlı aparata kustar üsulla hazırlanmış müyyən texniki vasitələr əlavə edərək hərbi məqsədlər zamanı istifadə etmək yalnız bu ölkənin ağlına gələ bilər.
Ekspertin istehsalçının öhdəliklərinə də diqqət çəkib. Bildirib ki, hər bir şirkət öz məhsullarının kimlərə satıldığı və sonradan necə istifadə edildiyinə görə məsuliyyət daşımalıdır.
Görəsən, Ermənistan 44 günlük vətən müharibəsində istər silah təchizatı, istər şəxsi heyətin peşəkarlığı, istərsə də tətbiq edilən döyüş manevrləri ilə dünyaya səs salan Azərbaycan ordusunun qarşısına bu kimi dırnaqarası silahlarla çıxmaq istəyirmi?
Rəsmi İrəvan bu sual haqqında dərindən düşünməlidir. Bu ölkə heç də uzaq olmayan keçmişdən dərs çıxarmalıdır. Əks halda 3 il əvvəl olduğu kimi yenə sinifdə qalacaq.