Türkiyə Van vilayətinin İranla sərhədi boyunca 182 kilometrlik divarın tikintisini başa çatdırıb.
Stopnarkotik.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Rəsmi mənbələr bildirir ki, divar qaçqınların ölkəyə qanunsuz girişinin və qaçaqmalçılıq yolu ilə malların keçirilməsinin qarşısını almaq üçün tikilib.
Stopnarkotik.az bu haqda hələ 2023-cü ilin sentyabr ayında informasiya vermişdi ki, qardaş ölkə İranla 560 kliometrlik sərhəddən terrorçu, narkotik, silah qaçaqmalçılığının qarşısını almaqdan ötrü 4 metr hündürlüyündə təhlükəsizlik divarı çəkir. Bir müddət öncə bu sərhəddən narkotiklə yanaşı, əfqan mühacirlər də axın-axın keçirdi ki, bu “insan seli”nin dinc şəxslər, yaxud hərbi təlim keçmiş tam hazırlıqlı terrorçu olub-olmamasının heç bir zəmanəti yoxdur.
Türkiyənin sərhədinin təhlükəsizliyi üçün tikilən divarlar 3 metrlik ülgüc məftillə örtüldüyü halda, digər tərəfdə də səngərlər qazılır.
Vaxtilə Türkiyə-Suriya sərhədində də terrorçuların maneəsiz hərəkətinin qarşısının alınması üçün belə hasar var idi. İndi isə İranın narkotik savaşı Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da yönəldiyindən, qardaş ölkə sərhədə təhlükəsizlik divarı çəkməyə məcbur oldu.
Yeri gəlmişkən, Stopnarkotik.az saytının da dəfələrlə təklif etdiyi kimi, molla rejiminin artıq bir neçə ildir Azərbaycana “böyük həvəslə” narkotik axınını gerçəkləşdirdiyini nəzərə alsaq, biz də İranla sərhədboyu hasar tikilməsi, istehkam qurğularının quraşdırılması variantını gözdən keçirməliyik. Amma məsələ yalnız bununla bitməməlidir. Yeni rəqəmsal vasitələrdən də istifadə olunmalıdır. İranla həm dəniz, həm də quru sərhədimizin tam nəzarətə götürülməsinə başlanılmalıdır.
Məsələn, sərhədə nəzarət sisteminə peyklərlə nəzarət də qoşulmalıdır. 44 günlük müharibədə və daha sonra erməni silahlı dəstələrinin Qarabağda hərəkət trayektoriyasını izləmək üçün bu üsuldan istifadə edildi. Müasir dövrün mübarizə üsulları da müasir metodlarla aparılmalıdır. Əgər kosmosdan, peyklərdən erməni dəstələri izlənə bilirsə, sərhəd bölgəsində yerləşdiriləcək - quraşdırılacaq qurğularla narkobaronların narkotik marşrutlarının reysləri də izlənilə bilər.
Ən azı sovet dönəmində olduğu kimi, çalışmaq lazımdır ki, İrandan bu tərəfə “quş keçməsin”. İlk öncə sərhəd boyunca müasir tələblərə cavab verən istehkam qurğuları qurulmalıdır. İranın ölkəmizə quru (hələ ki, quru və dəniz yolundakı narkotrafiki bilirik, amma hava yolu ilə də narkotrafik həyata keçirilir, ya yox, bunu da araşdırmalıyıq – müəl.) və dəniz yolu ilə uzanan narkotrafikinin qarşısı təxirəsalınmadan kəsilməlidir. Əks halda ölkədəki narkotik ticarətinin qarşısını almaq çox çətin olacaq...
Asya ŞÜKÜROVA,
Stopnarkotik.az