Ölkəmizi narkotik marşrutuna çevirən İrana ticarət sanksiyası tətbiq edə bilərik? - TƏHLİL

Məlumdur ki, hər bir ölkənin gömrüyü onun giriş qapısıdır. Ölkəyə gətirilən leqal məhsullardan qeyri-leqal qaçaqmalçılıqla daxil olan hər predmetə qədər, sərhəd xidməti ilə yanaşı, gömrük məsuliyyət daşıyır. Bu da bəllidir ki, ölkəyə narkotik qaçaqmalçılığı əsasən İrandan keçməklə reallaşır.

Ötən ilin sentyabrında Azərbaycanı keçəndən sonra Gürcüstanda İrana məxsus yük maşınından 200 kq heroin aşkarlanmışdı. Bu hadisənin oxşar variantı bir ay sonra yenə təkrarlandı. Eləcə də Naxçıvandan Türkiyəyə keçməklə qaçaqmal narkotik bir neçə dəfə ifşa olundu.

Əlbəttə, məlumdur ki, Azərbaycandan keçməklə qonşu ölkəyə narkoitk daşınırsa, bu ölkədaxili "qara bazar"a da eyni metodla daşına bilər. Necə ki, son iki günün hadisəsi bunu sübut etdi. Yoxsa Azərbaycanın daxili bazarını “fasiləsiz şəkildə” narkotiklə necə təmin etmək olar?

Bu ehtimalı əvvəlki yazılarımızda da irəli sürmüşdük. Qeydə alınan fakt bu ehtimalın narkomafiyanın gündəmində aktiv istifadə olunduğunu ortaya qoydu. Təbii ki, böyük ehtimalla sürücü Emin Əhmədov bu narkotiki sifarişsiz, pərakəndə və özbaşına gətirməyib. Bu sürücünü yaxalamaq nə qədər önəmlidirsə, onun sifariş aldığı bağlantıları ifşa etmək də o qədər vacibdir. 

Abşeron polisinin İrandan gətirərək, Azərbaycana gömrüyünün “radarına düşmədən” 11 kq narkotiki keçirməyi bacaran TIR sürücüsünü yaxalaması, əlbəttə, təqdirəlayiq hadisədir. Amma sürcünün narkotiki maneəsiz keçirməsi də ən azı elə o qədər qınanılasıdır. Bu, sərhəddən keçib daxili narkotik bazarına gələn qaçaqmalın cüzi bir hissəsidirsə, görün, ünvanına çatan, realizasiya olunan tonlarla narkotik nə qədər insanımızın həyatını məhv edir...

Bunu da vurğulamaq yerinə düşər ki, heç şübhəsiz sürücünün vəzifəsi narkotiki “etibarlı əllər”ə təhvil vermək olub. Və o etibarlı əllər elə narkotikin gömrükdən rahat keçməsinə şərait yaradan həmin əllərlə ya eynidir, ya şərikdir. Və nə qədər ki, həmin əllər kəsilməyib, ölkəyə narkotik axını da kəsilməyəcək.

Elə ildən-ilə artan narkotik müsadirəsinin səbəbi də aydındır. Sözsüz ki, sövdələşib İrandan ölkəyə qaçaqmal gətirən güc daxili narkotik bazara maneəsiz keçirsə və həmin malın yalnız 16%-i müsadirə ounursa, qalan 84% "qara bazar"da realizasiya olursa, qanunsuz dövriyyə də, narkomanların sayı da, bununla paralel xəstəliklər və s. bəlalar da artacaq.  

Burada haşiyə çıxıb bir nüansı da qeyd edək. Ekvador prezidenti Daniel Noboa hakimiyyətin 586 kilometrlik (364 mil) sərhədi boyunca narkotik qaçaqmalçılığına qarşı mübarizə apara bilməməsi səbəbindən Kolumbiyaya tarifləri artırıb. Yəni cəza metodu kimi iqtisadi sanksiyanı seçib. Bu məsələni İrana münasibətdə müzakirə etmək lazımdır. İranın bizim ölkəni narkomarşrut güzərgahı halına gətirməsinin, Azərbaycanı fasiləsiz narkotik axınına məruz qoymasının bir cəzası olmalıdır. Bu müstəvidə elə İranda narkoticarət dünyasının ünsürləri ilə əlbir olub Azərbaycanda əhalini zəhərləməyi, gənclərin sonuna çıxmağı qarşısına məqsəd qoymuş, insanın məhvindən pul qazanan şəxsləri, hansı ki, gömrüyü belə narkotik daşımalarına göz yummağa vadar edirlər, buna isə yalnız yuxarı ranqlı əlaqələr və imtiyazlarla nail olmaq mümkün olur, vətən xaini kimi yaxalayıb ən ağır cəzanı vermək gərəkdir.

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az